BAKI, 25 may. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elxan bəy, Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında gərginlik yaranıb. Buna səbəb mayın 21-də məhkəmənin CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv etməsidir. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb. Bu isə hazırkı sədr Özgür Özəlin legitimliyini şübhə altına alır. Məhz bunun fonunda hazırda partiyada ikitirəlik yaranıb. CHP-də parçalanma və qopmaların olacağı iddia edilir. Proqnozlar nədən ibarətdir?

- Hazırda CHP ətrafında müxtəlif iddialar səslənir. Qəribəsi də odur ki, 78 yaşlı Kamal Kılıçdaroğlu yenidən öz iddiasını ortaya qoyur. Guya partiyanın qurultayında yanlışlıqlar olub, səsvermə düzgün aparılmayıb buna görə də bir neçə nəfər məhkəməyə müraciət edib. Kılıçdaroğlu da bunun əsasında yenidən CHP sədrliyinə iddia edir. Məqsədi də hazırkı sədr Özgün Özəli postundan uzaqlaşdırmaqdır. Vaxtilə Kılıçdaroğlunun özü də sabiq sədr Dəniz Baykalın məlum video qalmaqalından sonra CHP postuna gəlmişdi. Amma onun sədrliyi ilə partiya qatıldığı 13 seçkidə məğlub olub. Heç bir seçkidə partiyasına qələbə qazandıra bilməyib. Özgür Özəl isə CHP postuna gəldiyi ilk ildə 47 ildən sonra partiyasına qələbə qazandırmağı bacarıb. Türkiyədə keçirilən sonuncu bələdiyyə seçkilərində CHP onun liderliyi ilə prosesdən qalib çıxmağı bacarmışdı.

- Hazırda CHP-də nə baş verir?

- Faktiki olaraq 13 seçkidə uduzan bir şəxs qatıldığı ilk seçkidə qələbə qazanmış lideri postundan devirmək istəyir. Anadolu türkcəsi ilə desək, bu sadəcə olaraq “koltuq sevdasıdır”. Əslində bu, partiyaya da zərər vurur. Məhkəmə qərarı ilə Kılıçdaroğlunun zorla partiya sədrliyinə gətirilməsi gözlənilir.

- Bu halda Kılıçdaroğlu partiyada idarəçiliyi necə quracaq?

- Bu maraqlı məqamdır. Çünki partiyada çoxları hələ də Özgür Özəli dəstəkləyir. CHP-dən deputat seçilənlərin də mütləq əksəriyyəti Özələ dəstək verir. Hazırda isə Kılıçdaroğlu məhkəmə qərarı ilə sədrlik postunu və partiyanın inzibati binasını da ələ keçirir. Beləliklə, o yenidən CHP adından çıxış etməyə başlayacaq.

- CHP üçün bu halda hansı variantlar daha məqbul ola bilər?

- Özgür Özəl ya vəzifəsini davam etdirəcək, ya da yeni bir partiya təsis edib həmin partiya ilə gələcək prezident seçkilərinə qatılmağa üstünlük verəcək.

- CHP-də baş verənlərə ölkənin hakim partiyasının münasibəti necədir?

- Bu proseslər hakim partiyanın da maraqlarına uyğundur. Çünki onun əsas rəqibi zəifləmiş olur. CHP-nin gələcək prezident seçkiləri ilə bağlı iki ciddi namizədi var. Partiya iki namizəddən biri ilə seçkiyə qatıla bilər. Bu, ya İstanbul Böyük Şəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılan sədri Əkrəm İmamoğlu olacaq, ya da Ankaranın hazırkı bələdiyyə başçısı Mənsur Yavaşdır.

- Adlarını çəkdiyiniz bu şəxslərin seçkilərdəki əsas şansları nədən ibarətdir?

- Ötən prezident seçkilərində bu iki şəxsdən bir namizəd olsa idi, onların uğur qazanmaq imkanları daha yüksək idi. Amma o zaman CHP sədri olan Kılıçdaroğlu “iki ayağını bir başmağa dirədi ki, namizəd özü olacaq”. Hətta bunun üçün heç bir işə yaramayan “altılı masa” yaratdı ki, burada Türkiyənin 6 partiyası təmsil olunurdu.

- O vaxtı məhz “altılı masa” ilə bağlı da qalmaqal yaranmışdı…

- Görünür “İYİ” Partiyanın sabiq sədri Meral Akşənər o zaman haqlı imiş. Hətta o vaxt sonuncu toplantıda dedi ki, “Kılıçdaroğlunun seçkilərdə uğur qazanmaq şansı yoxdur”. İddia edirdi ki, sorğular bunun əksini göstərir. Təklif etmişdi ki, Mənsur Yavaş və ya Əkrəm İmamoğlunun namizədliyi irəli sürülsün. Kılıçdaroğlu buna yenə də etiraz etdi. Seçkiyə namizədliyini irəli sürsə də yenə də uduzdu. CHP-nin hazırkı sədri Özgür Özəl isə növbəti prezident seçkilərində İmamoğlu və ya Yavaşın namizədliyini irəli sürəcəkdi.

- Baş verənlər CHP-nin parçalanması üçün əsaslar yarada bilərmi?

- Əslində Türkiyə və Azərbaycanda qurulan partiyalar lider ətirafında formalaşır. Həmin lider istefa verirsə və ya siyasətdən gedirsə, bəzən partiya da dağılır. Türkiyə tarixində buna oxşar nümunələr çoxdur. Mərhum prezident Süleyman Dəmirəl “Doğru Yol” Partiyasının lideri idi. O, seçkilərdə uğur qazanmadıqdan sonra bu təşkilat demək olar ki, sıradan çıxdı. Mərhum Turqut Özal da vaxtilə “Ana Vətən” Partiyasının sədri olaraq uğur qazanmışdı. Amma onun vəfatından az müddət sonra Türkiyənin siyasi arenasında belə adda partiya qalmayıb. Vaxtilə Azərbaycanda da belə bir hal yaşandı. Rəhmətlik Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri idi və o, vəfat etdikdən bir ay keçməmiş təşkilat ayrı-ayrı qütblərə parçalandı. Hamısı da Xalq Cəbhəsi adından istifadə edirdi. Bu o deməkdir ki, Türkiyə və Azərbaycanda partiyalar liderlər ətrafında formalaşır.

- Bu xüsusda CHP-nin də eyni aqibəti yaşamaq ehtimalı varmı?

- Bu partiyada vəziyyət bir qədər fərqlidir. CHP Mustafa Kamal Atatürkün qurduğu bir partiyadır. Sözsüz ki, burada liderin önəmi olsa da əsas amil ideologiya ilə bağlıdır. Özgür Özəl gənc, xarizmatik, savadlı lider olsa da onun olmaması fonunda belə CHP-nin parçalanması, dağılması ehtimalı azdır. Ona görə də CHP-nin dağılması, iki qütbə parçalanması az ehtimal edilir. Kılıçdaroğlu ətrafına kimlərisə yığsa belə onun ətrafında CHP-dən çox adam olmayacaq. O, daha çox kənardan tərəfdar toplamağa çalışacaq. Çünki CHP-dən olan bələdiyyələrin, deputatların mütləq əksəriyyəti Özələ dəstək verir. Vaxtilə “altılı masada” birlikdə olduqları partiyalar belə Kılıçdaroğluna deyil, Özələ dəstək verirlər. Onlar da iddia edirlər ki, polis yolu ilə partiya sədrliyinə gəlmək düzgün deyil.

- Onların əsas arqumenti nədir?

- “Altılı masanın” üzvləri olmuş partiyalar bunu pis nümunə kimi təqdim edirlər. Çünki istənilən partiyada qurultayda bir-iki nəfər etiraz edib məhkəmə qərarı əsasında təşkilatda parçalanmaya gedib, ikitirəlik yarada bilər.

- Son hadisələr Özgür Özəlin nüfuzuna necə təsir edib?

- Türkiyə cəmiyyəti hər zaman məzlumun yanında olmağa çalışır. Vaxtilə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan da dediyi şeirə görə həbs edilmişdi. O da bəhsdən çıxdıqdan sonra partiya təsis etdi və ilk qatıldığı seçkidə qələbə qazandı. Bundan sonra onun partiyası qatıldığı bütün seçkilərdə qələbə qazanır. Özəl də sanki eyni durumu yaşayır. Ötən gün o yürüş etdi, yağışın altında çıxış etdi. Sözsüz ki, bu da insanlara müsbət təsir edən məqamlardan biridir. Ona görə də Özəlin reytinqi bu hadisələr fonunda artmış olub.