BAKI, 25 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tədbir iştirakçıları tərəfindən ümumilikdə 52 müraciət daxil olub.

Bu barədə Teleqraf-a TƏBİB-dən bildirilib.

Bildirilib ki, sessiyanın keçirildiyi ərazidə və digər ayrılmış məkanlarda xidmət göstərən təcili tibbi yardım briqadalarına müraciət edən şəxslərdən 10 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub.

"Onlardan 1 nəfərə Kliniki Tibbi Mərkəzdə, 1 nəfərə Mərkəzi Neftçilər Xəstəxanasında, 2 nəfərə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, 6 nəfərə isə Yeni Klinikada tibbi xidmət göstərilib. Müraciət edən digər şəxslərə isə yerində ambulator tibbi yardım göstərilib.

Məlumat üçün bildirək ki, tədbir günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə yanaşı, tibbi xidmətlərin təşkili məqsədilə 4 tibb müəssisəsi də prosesə cəlb olunub.

Tədbir günlərində, əsasən, Azərbaycan, Keniya, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Hindistan, Namibiya, Efiopiya, Serbiya, Zimbabve, Bosniya və Herseqovina kimi ölkələrin vətəndaşlarının müraciətləri qeydə alınıb.

Müraciətlər, əsasən, kəskin respirator xəstəliklər, baş ağrısı və arterial hipertenziya ilə bağlı olub", - məlumatda qeyd olunub.