BAKI, 25 may. TELEQRAF
“Transfermarkt” Türkiyə Superliqasının ən dəyərli “11-liy”ini açıqlayıb.
Teleqraf xəbər verir ki, 2025/2026 mövsümündən sonra hazırlanan siyahının ümumi bazar dəyəri 297 milyon avro təşkil edib.
Ən dəyərli heyətdə “Qalatasaray” futbolçuları üstünlük təşkil edib. “Fənərbağça” və “Beşiktaş”ın oyunçuları da siyahıda yer alıblar.
Hücum xəttində “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen 75 milyon avro ilə ən bahalı futbolçu olub. “Fənərbağça”lı Sidiki Şerif isə 18 milyon avro dəyərlə onunla birlikdə hücum tandemində yer alıb.
Cinahlarda Barış Alper Yılmaz 30 milyon avro, Noa Lanq isə 22 milyon avro bazar dəyəri ilə heyətə düşüb.
Yarımmüdafiədə “Qalatasaray”dan Qabriel Sara və “Fənərbağça”dan Matteo Guenduzi 27 milyon avroluq dəyərlə seçiliblər. “Beşiktaş”ın kapitanı Orkun Kökçü də 25 milyon avro ilə siyahıda yer alıb.
Müdafiə xəttində “Fənərbağça”lı Jayden Oostervolde 20 milyon avro, “Qalatasaray”lı Vilfrid Sinqo 23 milyon avro, “Beşiktaş”lı Emmanuel Aqbadou isə 16 milyon avro bazar dəyərinə sahib olub.
Qapıçı mövqeyində isə “Qalatasaray”ın futbolçusu Uğurcan Çakır 15 milyon avro ilə Super Liqanın ən dəyərli qolkiper seçilib.