BAKI, 25 may. TELEQRAF

“Ermənistanda Moskvanın iştirakı ilə inkişaf və inteqrasiya proseslərinin Rusiya vektorunu dəstəkləyən siyasi qüvvələr var”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Ermənistanda rusiyayönlü inkişaf istiqamətinin, həmçinin Rusiya Federasiyasının iştirakı ilə inteqrasiya proseslərində daha sonrakı və daha dərin iştirakın tam tərəfdarı olan siyasi qüvvələr var”, - o bildirib.

Peskov belə bir yanaşmanın Rusiyanı heyran etdiyini vurğulayıb:

“Əlbəttə, erməni dostlarımızla dialoqda qalırıq və gələcəkdə də davam edəcəyik”.

Xatırladaq ki, söhbət sabiq prezident Robert Köçəryan və oliqarxlar Samvel Karapetyan ilə Qaqik Sarukyanın rəhbərlik etdiyi radikal qüvvələrdən gedir. Hər üç fiqur seçki kampaniyalarını rusiyayönlü və anti-Azərbaycan tezisləri üzərində qurublar. Ermənistan Baş naziri Nikol Paşinyan sözügedən şəxslər arasındakı işbirliyini “üçbaşlı müharibə koalisiyası” və onları “xarici agentlər” adlandırıb.

Nikol Paşinyan ötən həftə Robert Köçəryanın iyunun 7-də keçiriləcək parlament seçkilərində qələbə qazanmaq üçün Rusiya Prezidenti Vladimir Putindən kömək istədiyinə eyham vurmuş, bununla bağlı sabiq prezidentin adından internetdə yayılan səsyazısının real olduğunu açıqlamışdı.