BAKI, 14 sentyabr. TELEQRAF
Bu gün Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin ildönümüdür. 15 sentyabr 1918-ci ildə Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında imzalanmış Batum müqaviləsinin dördüncü maddəsinə əsasən ölkəmizə köməyə gələn türk ordusu üç ay yarım davam edən döyüşlərdən sonra paytaxtımızı azad edib.
Şübhəsiz ki, bu döyüşlər içərisində Bakının necə azad olunması, ordunun şəhərə hansı istiqamətdən girməsi ən maraqlı anlardan biridir. Elə isə sənədlər və xatirələr işığında o anları təsəvvür etməyə çalışaq.
“Sabah səhər Bakı şəhəri zəbt olunacaqdır”
Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 14 sentyabr 1918-ci ildə 5 və 15-ci firqə komandanlıqlarına göndərdiyi əmrdə yazıb:

“Sabah səhər hücum davam etdirilərək Bakı şəhəri zəbt olunacaqdır. Beşinci Firqə, Volçivorota istiqamətində sağ cinahının təminini həyata keçirməklə yanaşı əsas qüvvələri ilə 56-cı alayın mövqelərindən çıxaraq, sol cinahı Ermənikəndin cənubundan keçməklə hücuma keçəcək və şəhərin “Çerniqorod” adlanan neft şəhərinə qədər uzanan qərb hissəsini ələ keçirəcəkdir. Firqə ona təhkim olunmuş Bakı bölgəsində bir piyada alayı ilə küçə və meydanların zərurət yarandıqda müdafiəsi üçün iki dağ batareyası saxlayacaqdır. Firqənin digər hissələri isə şəhər ələ keçirildikdən sonra Bakının şimal-şərqində və Xırdalan–Bakı şosesinin hər iki tərəfində cəmləşdiriləcəkdir. On beşinci firqə sağ cinahı ilə Ermənikəndi təmizləmək məqsədilə şimal və şərqdən Bakının “Çerniqorod” adlanan hissəsini ələ keçirib işğal edəcəkdir. Firqə həmçinin bu hissənin mühafizəsi üçün bir alay və bir batareya ayıracaq, qalan qüvvələrini isə şəhər xaricində cəmləşdirəcəkdir. 15/9/18 səhəri piyada hücumu səhər aydınlaşdıqdan və topçularla hazırlıq görüləndən sonra həyata keçiriləcəkdir. Çoxsaylı topçu atəşinin müəyyən bir nöqtədə cəmləşdirilməsinin nəzərdən qaçırılmaması vacibdir. Şəhər ələ keçirildikdən sonra əsas küçə və meydanların atəş altında saxlanılması üçün pulemyotlar, daha mühüm mövqelərə isə toplar yerləşdirilməlidir”.
“Hücum zamanı itkilərimiz az olmuşdur”
Sentyabrın 15-i Nuru paşa Güzdəkdən Baş Komandanlıq Ərkani- Hərbiyyə Rəyasətinə göndərdiyi raportunda Bakının necə azad olunmasını yazıb:
“14 sentyabr 1918-ci il saat 02:00-dan əvvəl Heybət stansiyası–Bakı şosesi ilə Qobu–Bakı yolu arasında və dəmir yolu xəttinin dərhal şərqindəki düşmən mövqeyinə Beşinci firqə, 9 və 69-cu alaylarla gecə topçu hazırlığı edilmədən qəfil basqınla hücum edərək hər iki alay düşmənin birinci müdafiə xəttini süngü və əl bombası ilə saat 03:30-dan əvvəl ələ keçirmişdir. Qəhrəman 56-cı alay qaranlıq zamanı düşmənin tutduğu ilk mövqedən 600–700 metr şərqdə yerləşən ikinci müdafiə xəttini də ələ keçirmişdir. Səhər açılana qədər bu vəziyyət qorunmuş və gecə ərzində düşmən tərəfindən edilən əks-hücumlar dəf edilmişdir.
Bundan sonra 13-cü alay 9-cu alayın sağından, 10-cu alay isə 56-cı alayın sol cinahından irəli çıxarılaraq düşmənin ikinci müdafiə xətti tamamilə, ardınca isə şəhərə hakim olan üçüncü xətti də birliklərimizin hücumları ilə ələ keçirilmişdir. Binəqədidən hücuma keçən 38-ci alay sayca üstün düşmənə qarşı uğurla irəliləyərək Biləcəri kəndinin şərqindəki mühüm yüksəklikləri tutmuşdur. Xocahəsən kəndinin qərbindən (Bilcəri) cənubuna istiqamətləndirilən 107-ci alay irəliləməsi ilə düşmən bu ərazidən də Bakıya tərəf sıxışdırılmışdır. 14 sentyabr 1918-ci ildə axşam düşənədək Beşinci və On beşinci firqənin birlikləri şəhərin şərq və şimalından Bakıya hakim yüksəklikləri ələ keçirmiş, Maştağadan irəliləyən milis dəstələrimiz Sabunçunu tutmuş, Hövsandan göndərilən süvari alayları isə şəhərin şərqinə doğru irəliləmişdir. 15 sentyabr 1918-ci ilin səhəri hücuma davam edilərək Bakı şəhəri ələ keçirilmiş və işğal olunmuşdur. Hücum zamanı itkilərimiz az olmuşdur. Əsir və qənimətlər barədə məlumat əldə olunmamışdır. Şəhərdə baş verən dağıntılar çox azdır”.
“İlk əməliyyatda 2 zabit və 80 əsgər ələ keçirildi”
Qafqaz İslam Ordusunun zabitlərindən Süleyman İzzət bəy yazdığı kitabında Bakının alınması ilə bağlı daha təfsilatlı məlumat verib:
“15/9/18 sübh çağı ilə birlikdə firqəmə hücuma başlama əmri verdim. İki gecədir yuxusuz qalan hissələr qərbə doğru hərəkət edirdilər. Özüm şəxsən atıcı xəttinə gedərək 38-ci alayın 2-ci taborunu bölük-bölük hücuma keçirdim. Düşmən nizamlı surətdə geri çəkilməyə başladı. 38-ci alayın 1-ci taborunu 2-ci taborun solundan irəlilətdim, 3-cü taboru isə ehtiyat olaraq arxadan göndərdim. Mən də hərbi qərargah zabitlərimlə birlikdə ön xətdəki atıcılarla bir yerdə idim. Ermənikəndə qədər asanlıqla gəldik. Ermənikəndə düşmənlə bir qədər vuruşaraq onun bir qismini əsir götürdük, iki uzaqmənzilli topu, səkkiz sahra topunu, iki dağ topunu və iki təyyarəni qənimət olaraq ələ keçirdik.

Soldan irəliləyən 1-ci tabor təpəni çıxar-çıxmaz gözlənilmədən rus və erməni zabit və əsgərlərindən ibarət təxminən bir alay gücündə olan düşmən qüvvəsinə rast gəldik. Bunlar komandansız və çaşqın bir vəziyyətdə qalmışdılar. Hər iki tərəf silah işlətmədən bir-birinə qarışdı. Nəhayət, özünə gələn düşmən Bakı istiqamətində qaçaraq geri çəkildi. Burada hər iki tərəfin süngü belə işlətməməsi diqqətəlayiq idi. 1-ci tabor qaçan düşməni izləməyə başladı. 2-ci tabor isə sola yönələrək saat 08:30-dan əvvəl Bakının “Çerniqorod” adlanan hissəsinə hakim mövqeyi və bu məhəlləyə yaxın şimal yüksəkliklərini tutaraq şəhərin həmin hissəsini atəş altında saxladı.
Bu vaxt Əhmədli tərəflərində yerləşən, çoxu erməni olan süvari və piyada düşmən qüvvələri milis hissələrimiz qarşısında geri çəkilərək qaçaraq şəhərə daxil oldular və qarşımızda olan düşmən qüvvəsini möhkəmləndirərək şəhər kənarındakı binaların dam və pəncərələrinə pulemyotlar yerləşdirib şiddətli atəşlə müdafiəyə başladılar. Ən azı 800 tüfəng və 8 pulemyot atəş açırdı.
Bir neçə gündür döyüşə girməmiş olan 107-ci alayın III taborunu, artilleriya atəşinin himayəsi altında saat 10-dan əvvəl bu inadkar düşmənə qarşı irəli sürdüm. Əksəriyyəti ermənilərdən ibarət olan düşmən evlərin divarlarını sipər edərək küçələrdən güclü atəşlə bu tabora qarşı hücuma keçdi və nəticədə III taboru darmadağın vəziyyətdə geri çəkilməyə məcbur etdi. Bu hal 107-ci alayın tamamına sirayət etdi. Alay və tabor komandirləri əsgərlərə hakim ola bilmirdilər; tam çaşqınlıq içində qalmışdılar.
Bu gözlənilməz vəziyyət qarşısında dərhal bir neçə gündür yorğun və tükənmiş olan 38-ci alaydan bir bölüklə iki pulemyotu irəli göndərdim. Artilleriya atəşinin də köməyi ilə bu bölük düşməni geri oturtdu və küçə başlarını ələ keçirdi, lakin daha irəli gedə bilmirdi.
Bu vaxt 5-ci firqə komandanından telefon aldım. Telefon zəngində o, Bakı nümayəndələri ilə işğal şərtlərini razılaşdırdığını və buna görə atəşi dayandırmağı bildirmişdi. Təəssüf ki, səhərdən bəri ordu komandanlığından heç bir əmri almamışdıq. Qarşımızdakı düşmən şiddətli atəş açır və hətta əks-hücum etməyə hazırlaşırdı. Belə vəziyyətdə tərəfimizdən atəşi dayandırmaq mümkün deyildi. 5-ci firqə komandanına bu vəziyyəti izah edərək mənə də nümayəndə göndərilməsini bildirdim. Eyni zamanda 38-ci alayın III taborunun cəbhədən, II taborun isə bu taburun solundan şəhərə hücum etməsini, 107-ci alayın tam şəkildə Salxana və fabrik ətrafında toplanmasını və topçuların bu inadkar düşməni yanlardan atəş altına almasını əmr etdim. 38-ci alay şəhərə girərkən firqə qərargahından alay komandirinin yanında saxladığım əlaqə zabiti mülazim Səzai əfəndidən saat 02:02-də işarəli bir kağız aldım. Kağızda yazılmışdı: “Alay komandirinin yanına üç nəfər gəlib, saat 04:00-dan sonra təslim olacaqlarını və atəş açmayacaqlarını bildirdilər; biz də atəşi dayandırdıq.”
Cavab olaraq dərhal irəliləmənin dayandırılmasını və hər kəsin olduğu mövqedə qalıb ehtiyatlı olmasını əmr etdim. İkinci dəfə aldığım kağızda küçə döyüşünün tamamilə dayandırıldığı və əhalinin kütləvi şəkildə ağ bayraqlar qaldıraraq təslim olduğu və qorunmaqda olduğu bildirildi.

38-ci alay saat 03:00-dan sonra Bakının “Çerniqorod” hissəsinə daxil oldu, hakim mövqeləri ələ keçirdi və əsir və silah toplamağa başladı. İlk əməliyyatda təxminən 800 tüfəng, 6 pulemyot, 2 zabit və 80 əsgər ələ keçirildi. Şəhərin həmin hissəsinin inzibatı üçün 38-ci alay komandirini təyin etdim. Sükunət təmin edildi... Axşam gec saatlarda Güzdəkdəki ordu komandanından iki telefon aldım. Birində firqəmin sonradan 5-ci firqə komandanı Mürsəl paşanın əmrinə verildiyi bildirildi.
İkincisi belə idi:
“Bakı uğrunda aparılan döyüşlərdə bütün birliklərin, zabit və əsgərlərin göstərdiyi səylərə və fədakarlıqlara görə təşəkkür edirəm. Gecə uğurla ilk piyada hücumunu həyata keçirən 9-cu və 56-cı alaylara, gündüz düşmənə qarşı irəliləyərək Biləcəri kəndinin cənub-şərqindəki yüksəklikləri ələ keçirən 38-ci alaya xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi olmadan gecə düşmənin iki xəttini ələ keçirməsi təqdirəlayiqdir... Bu döyüşdə fədakarlıq və səylərinə görə zabit və əsgərlərin mükafatlandırılması ilə bağlı məlumatların 17/9/18 axşamına qədər orduya göndərilməsini əmr edirəm. Ordu komandanı fəriq Nuru””.
“1151 erməni, 383 rus, 4 ingilis...”
Qafqaz İslam Ordusu zabitlərindən qaimməqam Rüştü bəy də kitabında eyni mahiyyətli ordu əmrlərini paylaşmış, amma bəzi maraqlı təsbitlərini də yazmışdır. Onun qeydlərinə görə, Bakının azad olunması zamanı 17 erməni, 9 rus və 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və müxtəlif millətlərdən 113 əsgər əsir alınıb. Qənimət götürülən top, silah və sair əsgəri əşyalar arasında dörd dəniz, bir quru təyyarəsi, çoxlu təyyarə ləvazimatı da vardı.
Rüştü bəy Bakıdakı ingilislər haqqında da maraqlı ifadə işlədib: “Qələbə tacı geymiş Osmanlı silahlarına boyun əyən təkcə erməni və ruslar deyildi. İrandan qaça-qaça gəlmiş Denstervilin ingilis briqadası da məğlublar arasında idi. Zahirən ermənilərə kömək məqsədi ilə Bakıya gələn bu ingilis briqadası əslində türk aləminə, türklüyün birliyinə, bütövlüyünə doğru gedən Osmanlı türklərini dayandırmaq üçün xüsusilə Bakıya gəlmişdi. Erməni millətinə və hökumətinə bu cür yardım etmək istəyən ingilis hökuməti briqadanı Bakıya deyil, Ermənistana göndərməli idi”.
Kitabındakı Bakı döyüşləri ilə bağlı qismi yekunlaşdırarkən Rüştü bəy bu gün də keçərli olan bu cümlələri qələmə alıb:
“Eyni soya mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlarla bir qat da həsrət yaratmışdır. Anadolu türklərinin Azərbaycanın istiqlal və istiqbalı uğrunda çətin, qanlı döyüşləri və mübarizələri əminəm ki, nəsildən-nəsilə keçən unudulmaz dastanlara çevriləcəkdir”.
Rüştü bəy haqlı çıxdı. Nə 71 illik rus işğalı, nə də ki başqa təbliğatlar 15 sentyabr dastanını unutdurmadı, 44 günlük Vətən müharibəsində bir daha yazıldı.
Nuru Paşa