
BAKI, 14 aprel. TELEQRAF
Aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində dəhşətli qəza zamanı xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan taksi sürücüsü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovun müalicəsi davam etdirilir.
Teleqraf xəbər verir ki, A.Nəcəfovun müalicəsi ilə bağlı yardım kampaniyası başladılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, qısa müddət ərzində A.Nəcəfovun kart hesabına 90 min manata qədər vəsait yığılıb. Hətta ona yeni avtomobil alınaraq hədiyyə ediləcəyi qeyd olunub. Taksi sürücüsü video-çıxış hazırlayaraq yayılan bu məlumatlara kəskin etirazını bildirib. Qeyd edib ki, bu günə qədər onun hesabına cəmi 4-5 min manata yaxın pul yığılıb və yayılan məlumatlar həqiqəti əks etdirmir.
Məlumata görə, sürücüyə sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verib.
Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən “Bolt” şirkətinin sürücüsü Anar Nəcəfov kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıblar.