BAKI. 7 fevral. TELEQRAF

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.

Teleqraf-ın əldə etdiyi məlumata görə, A. Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir. Rəhim Əliyev "Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin müəllifidir. Tanınmış ədəbiyyatşünas alim həm də bədii yaradıcılıqla məşğuldur. O, bir neçə romanın da müəllifidir. Rəhim Əliyev habelə bir sıra məsul vəzifələrdə də çalışıb. O, 1990-cı illərin əvvəllərində Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir

Anar Əliyevin anası Əməkdar jurnalist İradə Əliyeva uzun illərdir jurnalistika sahəsində fəaliyyət göstərir. Hazırda o, "Azərbaycan" qəzetinin Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.

Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri, daha sonra isə nazir müavini vəzifələrində çalışıb. O, bu postdan nazir vəzifəsinə təyinat alıb.

Evlidir, iki övladı var.