
Alimin Yerin fırlanmaması haqda fərziyyəyə AMEA mövqe bildirmək istəmir
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənovun sosial şəbəkələrdə yerin fırlanması ilə bağlı paylaşdığı fikirlər mübahisə predmetinə çevrilib.
Teleqraf.com-un xəbərinə görə, Əkrəm Həsənov bildirib ki, islam alimlərindən heç birinin əsərində Yer kürəsinin fırlanmasına rast gəlməyib. Əksinə böyük islam alimlərindən bəziləri, xüsusilə sələfi alimləri və müasir alimlərdən bəziləri də Yer kürəsinin fırlanmadığını deyiblər. Alimin fikrincə, Yer kürəsinin fırlanması məsələsinə şübhə doğuran bəzi məqamlar var: “Dünyanın bəzi hündür ərazilərində, məsələn, Norveçdə, üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı, Günəş batardı. Deməli anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə bunu sübut edən böyük dəlillərə ehtiyacımız var. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə Yer kürəsi 6 ay fırlanmır? Buna görə də biz unutmamalıyıq ki, hər oxuduqlarımız, elm olaraq anladıqlaırmız da hələ bizə qaranlıqdır. Düşünürəm ki, bu müzakirələrin müsbət elmi tərəfini ortaya qoyacaq elmi kəşflər hələ qabaqdadır”, - deyə Əkrəm Həsənov şübhələrini əsaslandırıb.
Yer kürəsinin fırlanması ilə bağlı hələ XVI əsrdən sübuta yetirilmiş elmi dəllilərin olmasına baxmayaraq, XXI əsr aliminin bu cür fikir yürütməsinə görəsən, Azərbaycan Milli Elmlər Akademiyasında necə yanaşırlar?
AMEA Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, məsələ ilə bağlı akademiyanın mövqeyinin səslənməsi doğru olmaz: “Biz qeyri-ciddi məsələ ilə bağlı AMEA-nın adından nəsə bildirlməsinin əleyhinəyik. Əgər AMEA-nın nəzdində olan texniki təmayüllü institutlardan hansınınsa elmi əməkdaşı belə yanlış fərziyyə irəli sürsəydi, buna ciddi yanaşmaq olardı. Özünüz də dediniz ki, həmin şəxs Əlyazmalar İnstitutunun əməkdaşıdır. Sosial şəbəkədə fikir bildirib, bu rəsmi mövqe deyil və akademiyanın buna qarışması düzgün olmaz.
Güman etmirəm ki, sizin saytınızda mövzu qıtlığı var. Elmin ən müxtəlif sahələri üzrə işlənəsi mövzular kifayət qədərdir. XXI əsrdə yerin fırlanmaması haqqında fərziyyə irəli sürmək əlbəttə, olduqca gülünc məsələdir, amma bu cür qeyri-ciddi məsələnin ictimailəşdirilməsi xurafatın və cəhalətin genişlənməsinə əsas verir. Odur ki, bu cür qeyri-ciddi mövzuların ictimailəşməsi arzuolunan hal deyil”.
Qeyd edək ki, Əkrəm Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirib, 35 yaşı var. Qubadlı rayonunda doğulub. Facebook sosial şəbəkəsində radikal dindar olaraq paylaşdığı fikirlərə görə onun vəhhabi cərəyanından olduğu ehtimal edilir.
NİGAR