"COP29-a görə Azərbaycanda olmaqdan məmnunuq. COP29 dünyada ən çox iştirak edən toplantılardan biridir. Dünyanın hər yerindən insanlar buradadır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyənin Ətraf-mühit, Şəhərsalma və İqlim dəyişiklikləri Nazirinin müavini Fatma Varank deyib.

"COP29-da müzakirə olunacaq sas mövzu maliyyə məsələləri olacaq. Bu, çox çətin məsələdir, çünki maliyyə bizim iqlimlə mübarizədə əlimizi gücləndirəcək. Əgər inkişaf etmiş ölkələr asanlıqla maliyyə resurslarına çıxış əldə edə bilirlərsə, o zaman öz ölkələrində yüngülləşdirmə və uyğunlaşmanı asanlıqla həyata keçirə bilərlər.

Təbii ki, bir çox başqa amillər də var, amma iqtisadiyyatsız bunları etmək mümkün deyil. İqtisadiyyatdan illərdir danışılır, lakin COP29-da birinci amil kimi maliyyə məsələsi müzakirə olunur. Maliyyə məsələsi ilə bağlı Azərbaycan hökuməti ilə əlimizdən gələni edəcəyik. Həmçinin "2053 net-sıfır emissiya" üçün uzunmüddətli fəaliyyət planımızı hazırladıq. Biz onu COP29-dan əvvəl də təqdim etdik. Mən Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, qəbul olunacaq qərarlar Azərbaycan-Türkiyə və dünya üçün faydalı olacaq", - deyə bildirib.

Fatma Varank COP29-un ölkəmizdə baş tutmasının mühüm əhəmiyyətinə toxunub: "COP29-da maliyyə ilə bağlı qərarlar qəbul edilərsə və əvvəlki illərdə qəbul edilmiş qərarlar həyata keçirilərsə, bir çox problemlər aradan qaldırıla bilər. Çünki 2050-ci ilə az vaxt qalıb. İqlimlə bağlı çoxlu fəlakətlər var. Bunlardan başqa geoloji fəlakətlər də mövcuddur".

Fatma Varank Türkiyə və Azərbaycan arasında seysmoloji sahədə mümkün əməkdaşlığa da toxunub: "Türkiyə iki il əvvəl böyük zəlzələ ilə üzləşdi. Zəlzələdən sonra dəstəyə görə qardaş Azərbaycanın xalqına və dövlətinə təşəkkür etmək istəyirəm. Hazırda Azərbaycanın Kahramanmaraşda tikdiyi məhəllə tamamlanmaq üzrədir. Biz bu il Heydər Əliyev Məktəbini açdıq. Azərbaycanla hər bir məsələdə əməkdaşlığımız var. İqlim, zəlzələ, meteorologiya, rəqəmsallaşma və urbanizasiya kimi bir çox mövzuda əməkdaşlıq edirik. Əməkdaşlığımız hər sahədə davam edəcək. Zəlzələ çox vacibdir, çünki zəlzələni proqnozlaşdırmaq mümkün deyil. Biz başqa fəlakətləri proqnozlaşdırırıq, amma zəlzələnin nə vaxt olacağını bilmirsiniz. Maraşda baş verən zəlzələ ilə bağlı Türkiyənin xəritəsi var idi. Lakin Kahramanmaraşda iki böyük zəlzələ olacağını proqnozlaşdırmaq mümkün deyildi. Bildiyiniz kimi, 11 şəhərə təsir edib. Bu əməkdaşlıqlar zəlzələ zonasında yerləşən ölkələr üçün çox vacibdir".