Ermənistanın KTMT və ya hər hansı bir təşkilatdan çıxmaq məsələsi onların suveren hüququdur. Rusiya rəsmiləri məsələyə bir neçə dəfə bu kontekstdən yanaşıblar. Amma Ermənistanın KTMT-də fəaliyyətini dondurması ilə bağlı mövqeyi bu qurumun nizamnaməsində öz əksini tapmış bir addım deyil.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, bu addım qurumun nizamnaməsində ziddiyyət təşkil edir:
“Ermənistanın bundan sonra ata biləcəyi addımlar Qərblə razılaşdırılmış mövqedir ki, bu gedişatın olacağı təqdirdə konkret olaraq Kreml tərəfindən Ermənistanla bağlı hansısa tədbirlər həyata keçirilə bilər. Prinsip etibarilə bir çox ekspertlər bu proseslərin qarşısını almaq üçün Rusiyanın Ermənistana Ukraynada olduğu kimi hərbi müdaxilə təşkil edə biləcəyi ilə bağlı fikirlər söyləyirlər. Buna ciddi ehtiyac da yoxdur. Ermənistan hərbi və iqtisadi kontekstdə Rusiyanın ciddi asılılığında olan bir dövlətdir. Bunu Ermənistan rəsmiləri də çox gözəl bilir. Rusiyanın Gümrüdə mövcud bazası onun burada geosiyasi maraqlarının qorunmasında ciddi rol oynayır.
Digər tərəfdən, Ermənistanın Rusiyadan olan iqtisadi, enerji asılılığını nəzərə almaq lazımdır. Ermənistanın enerji təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Hətta İranın bu məsələdə mövcud problemlərin həlli istiqamətində Ermənistana bir o qədər də ciddi təsir imkanları yoxdur. Ən azı ona görə ki, Ermənistan israrla qərb kapitalını və Qərbi bölgəyə gətirmək istəyir. Bu da İranın bölgə ilə bağlı geosiyasi maraqlarına cavab vermir. Digər tərəfdən, Ermənistanın nəqliyyat və infrastrukturu bütün Rusiya şirkətlərinin nəzarəti altındadır. Rusiyada olan 1.5 milyondan yuxarı ermənilərin müqəddəratı da hər halda Paşinyan iqtidarını düşündürməlidir. Çünki bu şəxslərin hər il ailələrinə göndərdiyi vəsaitlər bəzi hallarda Ermənistanın dövlət büdcəsinə bərabər olur.
İndiki halda Rusiya Ermənistanla münasibətini səbir və təmkinlə qurur. Çünki Ukraynada mövcud problemin həllinə tam mənada Rusiyanın maraqları kontekstində nail olmadan, Moskva Cənubi Qafqazda özü üçün əlavə cəbhə və başqa problem yaratmaq istəmir. Ona görə hazırda Rusiyanın Ermənistanla münasibətləri hələlik yumşaq gücün tətbiqinə hesablanmış ola bilər".
Politoloq bildirib ki, ABŞ-nin konqresmenləri etiraf edib ki, Ukrayna kimi dövlətdə əvvəlcə Poroşenko, Maydan hərəkatına beş milyard dollar sərmayə qoyulub:
“ABŞ-nin maraqlarına cavab verən siyasi komandanı, konkret olaraq Zelenskini hakimiyyətə gətirirlərsə, bu kontekstdə Rusiyanın bölgə ilə bağlı maraqlarından çıxış edərək, Ermənistanın isteblişmentində Rusiya ilə işgüzar münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmasına töhfə verə biləcək şəxslərin hakimiyyətə gəlməsində öz maraqları ola bilər. Amma bütün hallarda bu proseslər beynəlxalq hüquqa istinadən və legitim amplua üzərində həyata keçirilməlidir. Bunu Rusiya gözəl bilir. Ona görə, Rusiya çalışacaq ki, bu hadisələrə ən azı legitimlik donu geydirsin. Necə ki, 2018-ci ildə Qərb Paşinyanın hakimiyyətin başına gəlməsini məhz xalqın mövcud iqtidara sosial narazılıq kontekstində həyata keçirə bilib. Amma korrupsiyaya qarşı mübarizə kampaniyası altında hakimiyyətə gələn Paşinyanın bu istiqamətdə konkret addımlar atdığını müşahidə etmirik”.