Azərbaycan-Ermənistan sərhədlərində mürəkkəb hissələrdən biri Qazax-Tovuz istiqamətində olan ərazilərdir. Çünki Qazaxın yeddi kəndi hazırda Ermənistanın işğalı altındadır. Burada Ermənistanın digər iddiaları da var. O cümlədən, Gədəbəy ərazisində müəyyən məsələlərlə bağlı tərəflər müzakirələr aparmalıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, prosesin Tavuş istiqamətindən başlanması daha uyğundur:
“Orada bizim anklav və sərhəd kəndlərimiz var ki, hazırda Ermənistanın nəzarətindədir. Kəndlərin qaytarılması ilə bağlı məsələlər həllini taparsa, o halda sərhədlərin müəyyənləşməsi prosesi daha da sürətlənə bilər. Əsas problem Naxçıvanda Kərki kəndi məsələsi, Qazax istiqamətində qeyd olunan yeddi kəndimizlə bağlıdır. Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin Ermənistanın Tavuş rayonundan başlaması ilə bağlı dedikləri məntiqə uyğundur. Delimitasiya komissiyalarının toplantılarının artıq ikinci dəfə həmin ərazidə keçirilməsi də müəyyən məna daşıyır. Çünki əsas mübahisə doğuracaq məqamlar həmin hissədir. Paşinyanın hakimiyyətdə olduğu müddətdə verdiyi bəyanatları izləsək, görəcəyik ki, tamamilə bir-birinə zidd olan fikirlərdir. Bu gün dediyi fikir sabahı gün tamamilə təkzib olunur. Bunun son nümunəsini Almaniya görüşməsi ilə Fransa səfərində gördük. Almaniyada sülhün yaxın olduğu və konstruktiv mühit yarandığını deyən Paşinyan Parisdə verdiyi müsahibələrdə bildirdi ki, hazırda sülh müqaviləsinin imzalanması ağlasığmazdır. 2024-cü il ərzində təəssüf ki, Azərbaycan-Ermənistan arasında sülhün imzalanması çox da inandırıcı görünmür”.
Politoloq bildirib ki, Türkiyənin Ermənistan sərhədlərinə hücum silahları göndərilmə məsələsi mətbuatda gedən manipulyasiyadır:
“Türkiyənin Şərq vilayətlərində 3-cü ordusu yerləşir. Onlarda tam təmin olunmuş ordu hissələridir. Eyni zamanda döyüş qabiliyyətli ordu korpuslarından biridir. Türkiyənin şərq əyalətlərində PKK terroruna qarşı davamlı şəkildə mübarizə aparırlar. Ermənistan tərəfindən yayılan məlumatlar var ki, guya Türkiyə Ermənistan sərhədlərinə silah yığır, qoşun cəmləyir. Bunlar hamısı kampaniyanın tərkib hissəsidir. Bir ildən artıqdır ki, Ermənistan, o cümlədən, Qərb dövlətləri, beynəlxalq təşkilatlar və mediası davamlı şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Bu məlumatları da həmin kampaniyanın tərkib hissəsi kimi hesab edirəm. Türkiyənin heç bir ölkəyə hücum etmək niyyəti yoxdur. Türkiyə özünün sərhədlərin təhlükəsizliyi ilə bağlı prinsipial mövqeyi var”.
Oqtay Qasımov qeyd edib ki, ABŞ-nin dövlət katibi və Türkiyə xarici işlər naziri Hakan Fidanın görüşünü, münasibətlərin yumşaldılması kimi dəyərləndirmək olar:
“Uzun müddətdən bəri ABŞ və Türkiyənin münasibətlərində soyuqluq vardı. O cümlədən, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd var oldu. Bu, Amerika və Türkiyə arasında münasibətləri kifayət qədər gərginləşdirdi. Son dövrlər NATO-nun genişlənməsi məsələsində İrlandiyanın üzvlüyə qəbulunda Türkiyənin tutduğu mövqe münasibətlərdə dəyişiklik yaratdı. Türkiyənin Amerikadan tələb etdiyi F-16 qırıcılarının tədarükü məsələsində müsbət sonluğa çatıldı. Hazırda ABŞ Türkiyənin regional dəyərini, önəmli müttəfiq rolunu yenidən qəbul etməkdədir. Bölgədə baş verən bir çox məsələlərin Türkiyəsiz həll olunmayacağını anlamaqdadır.
Güney Qafqaz Yaxın Şərq məsələlərində Türkiyənin önəmli olduğunu nəzərə alaraq, Amerika onunla dialoqa başlayıb. Birgə fəaliyyətlə bağlı müzakirələrin aparılması müsbət haldır. Əgər ABŞ bu günə qədər davam edən çox da konstruktiv sayılmayacaq siyasətində müəyyən dəyişiklik, Azərbaycanın yaratdığı reallıqları qəbul edəcəksə və birtərəfli qaydada Ermənistanı dəstəkləməkdən vaz keçəcəksə, bu prosesdə iştirakının müsbət nəticələri ola bilər. Türkiyənin iştirak edəcəkləri prosesin bölgəyə yalnız sülh və sabitlik gətirəcəyini düşünmək olar. Belə formatda fəaliyyət başlansa, bu, işin xeyrinə olar”.