Rusiya Ermənistan, Argentina, Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Tacikistan və Özbəkistanda konsulluqlar açmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəhbəri Aleksey Klimov məlumat verib.
Rusiya rəsmisi bildirib ki, hüquqi statusları tənzimləndikdən sonra konsulluqlar fəaliyyətə başlayacaq.
Rusiya hökuməti Ermənistanda konsulluğu Qafan şəhərində (və ya Zəngəzurda) açmağı planlaşdırır. Qafanda Rusiyadan əvvəl İranın konsulluğu açılıb, hələlik rəsmi təsdiqi olmasa da, Fransanın da buna hazırlaşdığı bildirilir. Zəngəzurda Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının qərargahları da fəaliyyət göstərir.
Ermənistan mətbuatı Zəngəzura artan marağın gələcəkdə buradan keçəcək nəqliyyat dəhlizi ilə bağlı olduğunu yazır.