Türkiyənin Batman Universitetinin rektoru, professor İdris Demir Teleqraf.com-un suallarını cavablayıb.

Onunla müsahibəni təqdim edirik:

- İdris bəy, Türkiyənin Batman şəhərində tarixi Qarabağ zəfərinin qazanılması münasibətilə Qarabağ Parkı salınıb. İstərdik öncə bu parkın yaranması və reallaşdırılması ideyasından danışaq...

- Batman şəhərində 44 günlük Vətən müharibəsində zəfərin qazanılması münasibətilə Qarabağ Parkı salındı. Bu, can Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafı baxımından çox önəmlidir. Bu parkla bağlı işlər keçmiş bələdiyyə başçısı cənab Hulusi Şahin zamanında başlamışdı. Batmanda enerji sammiti keçirilən zaman azərbaycanlı qonaqlarla birlikdə Qarabağın nə demək olduğunu bilən nüfuzlu insanların iştirakı ilə, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı və Beynəlxalq əlaqələr üzrə prorektor Rafiq Camalovun Batmana təşrifi ilə şəhərdə Qarabağ parkı açıldı. Bu park 44 günlük Qarabağ zəfərindən sonra Türkiyənin 81 vilayətində görülən ilk işdir. Park həm də ictimai mülkiyyət olması baxımından da xüsusi bir əhəmiyyətə malikdir.

Batman Universiteti olaraq Batmandan Bakıya, can Azərbaycanla dostluq körpülərinin qurulmasına böyük əhəmiyyət veririk. Bu parkın gənclərin gəzib-dolaşması, görməsi və vaxt keçirməsi ilə yanaşı, həm də batmanlı gənclər bu parka gələndə iki qardaş ölkənin - Azərbaycan və Türkiyə bayraqlarının birlikdə dalğalandığını görmələri çox əhəmiyyətlidir. Bu iki bayraq da o qədər gözəl çəkilib ki, kaş imkan ola Bakıdan, Gəncədən, Şəkidən, Füzulidən, Qarabağdan azərbaycanlılar gəlib görələr. Batmandakı Qarabağ parkında Türkiyə və Azərbaycan bayraqları Xarı bülbül formasında işlənib. Bütün azərbaycanlı dostlarımızı Batmanda Qarabağ Parkını ziyarət etməyə dəvət edirəm.

- Ümumən 44 günlük Qarabağ müharibəsi ilə bağlı təəssüratlarınız necədir?

- 44 gün davam edən Vətən müharibəsi beynəlxalq əlaqələr sistemində böyük əhəmiyyətə malikdir. Burada proksi-savaş dediyimiz sistemlər istifadə olunmuşdu. Bu kontekstdən baxanda beynəlxalq əlaqələr və müharibə ədəbiyyatında çox vacib parametrlərə sahibdir və eyni zamanda bir mərhələdir. Qarabağ məsələsi çıxılmaz və mürəkkəb bir problem idi. Münaqişə 44 gün müddətində beynəlxalq hüquq qaydaları çərçivəsində bir qavrayış və texnologiya idarəsi ilə müharibə sistemində ənənəvi və qeyri-ənənəvi elementlərdən istifadə edərək Azərbaycanın xeyrinə həll olundu. Bu vəsilə ilə Azərbaycan dövlət və millət olaraq özünün beynəlxalq qlobal siyasətə sübut etdi ki, siyasəti və maraqları nəzərə alınmalı olan mühüm aktorlardan biridir. Qarabağ müharibəsi Azərbaycan üçün sadəcə olaraq konkret torpaqların alınması məsələsi deyil. BMT tribunalında müstəqil dövlət araşdırmalarında, o cümlədən Qafqaz regionunda Azərbaycanın çəkisinin nə qədər artdığını göstərmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

- Türkiyə-Azərbaycan münasibətləri indiyədək görünməmiş bir səviyyəyə çatıb. İndi hərbi müttəfiqik. Bir millət iki dövlət anlayışından çıxış edərək münasibətləri daha hansı formada irəli apara bilərik?

- Türkiyə-Azərbaycan münasibətləri bu gün deyil, dünən deyil, tarixin dərinliklərindən gələn uzun zaman içərisində iki dövlət, bir millət statusundadır. Bu çərçivədə 44 günlük Qarabağ müharibəsi iki ölkə münasibətlərinin daha da güclənməsinə töhfə verdi. İki dövlət bir millətin beynəlxalq arenada bir-birinin mümkün nöqsanlarını aradan qaldırmaq və yalnız sözlə deyil, mahiyyətcə dəstəkləmək baxımından zirvəyə çatdığını göstərən siyasətin həyata keçirilməsi, nəzəriyyənin praktikaya çevrilməsi nöqteyi-nəzərindən böyük nümunə ortaya qoydu.

Yadınızdadırsa, ötən zamanda cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana reallaşdıracağı bir səfəri vardı. Ancaq Türkiyədə bir terror aktı baş verdi. Nəticədə Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərini gerçəkləşdirə bilmədi. Bu məqamda Prezident İlham Əliyev “qardaşlıq belə zamanda lazımdır” deyərək öz proqramını dəyişdirib, Rəcəb Tayyib Ərdoğanın səfər edəcəyi tarixdə, eyni gün Azərbaycandan Türkiyəyə gəldi. Bu, real hadisələrdir. Hər iki prezidentin şəxsi yaxınlığından kənarda Azərbaycan-Türkiyə münasibətləri birgə dövlət siyasətidir. Münasibətlər hazırda bu mərhələdədir, irəliləyən vaxt çərçivəsində daha inkişaf edəcək, dərinləşəcək və daha da artmağa davam edəcək.

Bu məsələdə Batman Universiteti olaraq qarşımıza Batmandan Bakıya bir dostluq körpüsü qurmaq məqsədi qoymuşuq. Batman Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti əməkdaşlığını daha da dərinləşdirib. Biz sadəcə doktorantura səviyyəsində deyil, bakalavr səviyyəsində də qarşılıqlı əlaqəyə, ünsiyyətə önəm veririk. Həmçinin biz burada batmanlı gənclərimizin ali təhsillərini Azərbaycanda almalarına önəm veririk. Bu çərçivədə də Batmanda universitetlərə hazırlaşan gənclərimizi Azərbaycana yönləndiririk. Bu o deməkdir ki, hazırda gənclərimiz səviyyəsində başlanan tədqiqatlar, onsuz da dövlət səviyyəsində olan münasibətlərin ictimai müstəvidə qarışaraq dərinləşməsinə və genişlənməsinə öz töhfəsini verəcək.

- Türk dövlətləri arasında ümumən yaxınlaşma tendensiyasını görürük. Türk dövlətləri birliyi ideyası da var. Bu ideyanın gerçəkləşəcəyinə inanırsızmı?

- Türk dövlətləri arasında bir əməkdaşlıq var və Türk Şurası irəliləyərək davam edəcək. Müttəfiq dövlətlərin hər biri üçün vacibdir ki, beynəlxalq əlaqələrdə müxtəlif dövrlərdə qurduqları ittifaqın vahid qrup halında öz çəkisini hiss etdirsinlər. Bu, həm qrup, həm də müttəfiq dövlətlər ittifaqı baxımından çox vacibdir.

- Yunanıstan Türkiyəyə qarşı təhrikedici və təxribatçı addımlarını davam etdirir. Türkiyədən qat-qat zəif olan Yunanıstanı qızışdıran kimdir?

- Yunanıstan bu reallığı nəzərə almalıdır. Əslində nəzərə almağından çox, heç ağlından çıxarmaması lazımdır. Coğrafiya taledir. Yunanıstan yerləşdiyi coğrafiyanın fərqində olub Türkiyə ilə sərhəd qonşusu olduğu həqiqətini əsla unutmamalıdır. Türkiyə və Yunanıstan arasındakı problemlərə tərəf olmayan, Avropa və ya Asiyada başqa ölkələrin təxribatçı mövqeləri ilə hərəkət etməsi, Yunanıstan miqyasından düşünsək bu ölkənin maraqlarına uyğun olmayan bir yanaşmadır. Çünki Yunanıstan bu coğrafiyada Türkiyə ilə birlikdə yaşamağa davam edəcəyi həqiqətini nəzərə almalıdır. Masanın üzərindəki tabloda bu bir gerçəkdir.

Türkiyə bu coğrafiyada qalıcı bir aktordur. Zaman içərisində beynəlxalq əlaqələrdə Türkiyənin siyasi çəkisi artıb. Bununla yanaşı türk dövlətləri, Türk Şurası, xüsusən Türkiyə-Azərbaycan dostluğu mədəni kodlardan kənar bir yaxınlıq içərisindədir. Beynəlxalq ictimaiyyətdə siyasi, iqtisadi birlik və hərbi koordinasiya baxımından, türk dövlətlərinin, xüsusən də Azərbaycan və Türkiyə arasında əməkdaşlıqlar çox önəmli potensiala sahibdir. Bu təcrübə özünü real olaraq göstərib. Yunanıstanın bu həqiqəti və nümunələri görüb Türkiyə ilə əlaqələrində daha yumşaq və həlim olmalıdır. Əməkdaşlıq siyasəti güdmək Yunanıstanın xeyrinədir.

- Suriyanın şimalında yeni anti-terror əməliyyatları gözlənilir. Amma İran, ABŞ və Rusiya buna etiraz edir. Türkiyə bu etirazları nəzərə alacaqmı, yoxsa həmişə bildiyi yoldan gedəcək?

- Suriyanın şimalında terror koridorunun yenidən dirilməsi kimi bir təhlükə ehtimalı vardı. Amma Türkiyə uzun zamandan bəri yürütdüyü daxili və milli siyasəti hərbi elementlərlə dəstəkləyib. Belə ki, yerli pilotsuz uçuş aparatları (PUA- İHA) və SİHA-larla daxili və milli siyasəti yerli və milli texnologiya ilə birləşdirib. İstər zəruri kəşfiyyat məlumatları, istərsə də texnoloji sənədlər və aparat məlumatları baxımından olsun Türkiyə xarici elementlərə, üçüncü tərəflərə olan bağlılığını aradan qaldırmışdı. Özünü idarə etdiyi siyasətlə milli maraqlar çərçivəsində hərəkət edir və bunda böyük uğur qazanıb.

Beynəlxalq tarazlığı da nəzərə alaraq üçüncü-dördüncü tərəflərin, bölgədən kənar güclərin və aktorların hesablarını bir kənara qoyub daxili və milli siyasəti idarə etmək və bunları tətbiq etmək yolunda Türkiyə çox yol qət edib. Bu da təsvir proyeksiyası olaraq sadəcə Suriya məsələsində deyil, Türkiyənin həmsöhbət olduğu Balkanlar, Afrika, Orta Asiya və Orta Şərqdəki digər siyasətlərdə də daxili və milli siyasətlərini, şəxsi maraqlarını müşahidə etməyə davam edəcək.