BAKI, 9 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında elan olunan atəşkəsin daha da uzadıla biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
“Bəlkə də bu, yaxşı olardı. Mən bu münaqişənin başa çatmasını istəyirəm”, - ABŞ lideri deyib.
Tramp əlavə edib ki, atəşkəsin “əhəmiyyətli dərəcədə uzadılmasını” görmək istərdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin qərarına əsasən, faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə mayın 8-dən 10-dək atəşkəs elan olunub.
Məlumata görə, Rusiya və ABŞ arasında telefon təmasları, həmçinin Vaşinqtonun Kiyevlə əlaqələri nəticəsində mayın 9-11-i üçün atəşkəslə bağlı razılıq əldə edilib.
Rusiya Müdafiə Nazirliyi mayın 8-i gecəyarısından etibarən xüsusi hərbi əməliyyat zonasında döyüşlərin tam dayandırıldığını açıqlayıb. Nazirlik eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiya mövqelərinə və mülki obyektlərə zərbələri davam etdirdiyini bildirib.