BAKI, 8 may. TELEQRAF
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələrinin hərbi sahə üzrə nəzəri və praktiki biliklərinin artırılması məqsədilə beş günlük təlim-treninq keçirilib.
Teleqraf xəbər verir ki, təlim proqramı çərçivəsində əvvəlcə jurnalistlərlə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində görüş təşkil olunub.
Görüş zamanı media və informasiya savadlılığı, hərbi mövzulu məlumatların dəqiqləşdirilməsi, xəbərin operativ hazırlanaraq ictimaiyyətə çatdırılması istiqamətində nəzəri məşğələlər keçirilib.
Praktiki hissə çərçivəsində jurnalistlər Müdafiə Nazirliyinin müxtəlif təyinatlı hərbi hissələrinə səfər ediblər. Media nümayəndələri komando tipli “N” saylı hərbi hissə, Hərbi Hava Qüvvələrinin hərbi hissəsi və Hərbi Dəniz Qüvvələrinin bölmələrində olublar.
Səfərlər zamanı jurnalistlərə hərbi hissələrin yaranma tarixi, fəaliyyəti, təyinatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsində istifadə olunmuş hərbi texnikalar nümayiş etdirilib, şəxsi heyətin hazırlıq səviyyəsi və xidmət şəraiti ilə tanışlıq yaradılıb.
Təlim iştirakçıları hərbi hissələrin tibb məntəqələrinə, əsgər kazarmalarına, sinif otaqlarına, texnikaların saxlanıldığı ərazilərə və yeməkxanalara baxış keçiriblər. Bildirilib ki, hərbi qulluqçuların sağlamlığının qorunması, bilik və peşə hazırlığının artırılması, həmçinin sosial-məişət şəraitinin təmin olunması üçün bütün zəruri imkanlar yaradılıb.
Hərbi Dəniz Qüvvələrində keçirilən şərti təlim zamanı terrorçuların nəzarətində olduğu ehtimal edilən gəminin xüsusi əməliyyat nəticəsində azad olunması nümayiş etdirilib. Təlim zamanı hərbi qulluqçuların peşəkarlığı və yüksək fiziki hazırlığı diqqətə çatdırılıb.
Təlimin yekun günü Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində ümumi müzakirələr aparılıb, iştirakçıların rəyləri dinlənilib. Sonda proqramı uğurla başa vuran jurnalistlərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.