BAKI, 23 sentyabr. TELEQRAF
Bakıda keçiriləcək Azərbaycan Qran-prisi yalnız trekdəki sürət və mübarizə ilə məhdudlaşmır.
Teleqraf Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, bu il də Formula 1 yarış həyəcanını trekdən kənara daşıyacaq.
Azarkeşləri konsertlər, pilotlarla görüşlər, interaktiv əyləncələr və zəngin proqram gözləyir. Bütün bunlar ölkənin əsas idman hadisələrindən birinin ab-havasını daha da rəngarəng edəcək.
Ənənəyə uyğun olaraq, Bakı Bulvarında yenə də Əyləncə zonası fəaliyyət göstərəcək. Bulvarın müxtəlif hissələrində qonaqları rəngarəng əyləncələr, interaktiv fəaliyyətlər və bütün ailə üçün maraqlı proqram gözləyir.
Formula 1 dünyasına daha yaxından bələd olmaq istəyənlər Fan-zonada yerləşən yarış simulyatorunda özlərini sınaya biləcəklər. F1 yarış simulyatoru iştirakçılara virtual bolidin sükanı arxasına keçərək günün ən sürətli dövrəsi uğrunda mübarizə aparmaq imkanı verəcək.
F1 Pit-Stop yarışı zamanı isə iştirakçılar iki-üç nəfərlik komandalar şəklində pit-stop bacarıqlarını sınayacaqlar. Bolidin təkərlərini ən qısa zamanda dəyişən komandalar final mərhələsində yarışacaqlar. Hər iki fəaliyyətin qaliblərini isə imzalı suvenirlər və paddokda turlar gözləyir.
Digər əyləncə məkanlarında isə Formula 1-ə fərqli rakursdan nəzər salmaq mümkün olacaq. Azarkeşlər Formula 1-in nümayiş bolidini və FIA Formula 1 dünya çempionatının kubokunu görə biləcəklər.
F1 pilotu ilə selfi (F1 Driver Selfie) fəaliyyətində isə qonaqların virtual şəkildə Formula 1 pilotları və komanda rəhbərləri ilə foto çəkdirmək imkanı olacaq. F1 DJ podiumu isə Qran-prinin ən rəngarəng anlarından biri olan mükafatlandırma mərasiminin ab-havasını canlandıracaq.
Əyləncə proqramı yalnız Formula 1 mövzusu ilə məhdudlaşmayacaq. Fan-zonada ziyarətçilər üçün müxtəlif idman və əyləncə fəaliyyətləri də təşkil olunacaq. Onlardan biri olan "Ninja Çağırışı"nda iştirakçılar dırmanma divarları, balans və kəndir elementlərindən ibarət maneələr zolağını keçərək çeviklik, güc və koordinasiyalarını sınayacaq. Hündürlükdən adrenalini yaşamaq istəyənlər üçün isə Fan-zonada tros vasitəsilə sürətli eniş üçün ziplayn qurulacaq.
Qran-prinin ən kiçik qonaqları üçün də xüsusi proqram hazırlanıb. Uşaq Qran-prisində uşaqlar mini elektrik avtomobillərinin sükanı arxasına keçərək təhlükəsizlik tələblərinə uyğun hazırlanmış xüsusi trekdə yarışa biləcəklər. Uşaq zonasında isə onları tematik akvaqrim və yaradıcılıq üzrə masterklasslar gözləyir. Həmçinin aktiv istirahət üçün müxtəlif batutlar, o cümlədən dəbilqə formasında batut qalası da quraşdırılacaq.
Formula 1 azarkeşləri üçün əsas tədbirlərdən biri də pilotlarla görüşlər olacaq. Fan-forumlar çərçivəsində pilotlar və komandaların nümayəndələri əsas səhnəyə çıxaraq azarkeşlərin suallarını cavablandıracaq, çempionatın trekdən kənar həyatına dair maraqlı məqamları bölüşəcəklər. Qran-pridən əvvəl pilotların təqdimatı keçiriləcək.
Gün ərzində Qran-pri ərazisində müxtəlif səyyar şoular da nümayiş etdiriləcək. Proqrama milli rəqslər, "Amarok" qrupunun zərb alətləri şousu, Güzgülü rəqqaslar (Mirror Dancers), Güzgülü yarış şousu (Mirror Racing Show), Uçan insanlar (Flying People) və xanımlardan ibarət zərb alətləri şousu (Drum Girls) daxildir.
Fan-zonanın səhnəsində DJ Pancho, Maya Aziz, Nicolas Mun, Nazreen, Tim və Vugarixx, həmçinin Excellent Band və Mardan Band çıxış edəcəklər.
Trekdəki tədbirlər başa çatdıqdan sonra əyləncə proqramı Bakı Kristal Zalında davam edəcək. Cümə axşamı səhnəyə Kalvin Harris, cümə isə Keti Perri çıxacaq. Beləliklə, Qran-prinin ab-havası yarış trekindən kənarda da davam edəcək.
Sentyabrın 24-dən 26-dək Bakıda Qran-pri həyəcanı trekdəki mübarizə ilə məhdudlaşmayacaq. Azarkeşlər üçün təşkil olunan Fan-zona, pilotlarla görüşlər, şoular və konsertlər Formula 1 həftəsonunun zəngin proqramını tamamlayacaq.