BAKI, 8 sentyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” və Azərbaycanın “Sabah” klubları arasında keçiriləcək qarşılaşmaya fransalı hakim Villi Delajo təyinat alıb.
Teleqraf xəbər verir ki, 33 yaşlı referi daha əvvəl də Azərbaycan klublarının oyunlarını idarə edib.
Delajo ilk dəfə 2021-ci ildə “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirdiyi görüşdə baş hakim olub. Bakıdakı matç 3:3 hesabı ilə başa çatıb.
O, 2022-ci ildə “Qarabağ”ın oyununda VAR hakimi kimi fəaliyyət göstərib. Fransalı Avropa Liqasının qrup mərhələsində keçirilən “Frayburq” – “Qarabağ” matçında video köməkçi hakim olub. Həmin qarşılaşmada baş hakim Erik Lambrext idi.
Delajo 2023-cü ildə isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “HİK” – “Qarabağ” qarşılaşmasını idarə edib. Ağdam təmsilçisi həmin oyunda 2:1 hesablı qələbə qazanıb.
Onun “Qarabağ”la növbəti görüşü 2024-cü ildə olub. O, Avropa Liqasının Liqa mərhələsində “Tottenhem” – “Qarabağ” matçının baş hakimi olub. İngiltərə klubu 3:0 hesabı ilə qalib gəlib.
Fransalı referi artıq “Sabah”ın da oyununu idarə edib. O, avqustun 11-də Çempionlar Liqasının III təsnifat mərhələsində “Sabah” – Danimarkanın “Orhus” qarşılaşmasında baş hakim olub. Azərbaycan klubu həmin görüşdə 4:0 qalib gəlib.
Beləliklə, Delajonun baş hakim kimi idarə etdiyi Azərbaycan klublarının oyunlarında “Neftçi” və “Sabah” 1, “Qarabağ” isə 2 dəfə meydana çıxıb.