BAKI, 13 iyul. TELEQRAF
Yay transfer pəncərəsində “Qarabağ”dan ayrılan azərbaycanlı qapıçı Amin Ramazanov “Sabah”la 2 illik müqavilə imzalayıb. 23 yaşlı qolkiper transferi ilə bağlı ilk dəfə Teleqraf-a danışıb.
Ramazanov müsahibəsində “Qarabağ”dakı illərini, komandadan ayrılmasının səbəblərini, “Sabah”ı seçməsinə təsir edən amilləri, digər təklifləri, TNS ilə oyun barədə fikirlərini və gələcək hədəflərini bölüşüb, həmçinin ünvanlanan sualları cavablandırıb.
- "Sabah"a keçidiniz necə baş tutdu?
- Hər şey qısa zamanda baş verdi. “Sabah”dan zəng gəldi, mən də çox düşünmədən təklifə razılıq verdim.
.webp)
- "Qarabağ"dan ayrılmaq qərarını necə verdiniz? Bu, sizin üçün nə dərəcədə çətin qərar idi?
- Əslində, bu mənim qərarım deyildi. Klub mənimlə müqaviləni yeniləməməyi üstün tutdu. Hər bir halda "Qarabağ"a orada keçirdiyim bütün illərə görə sonsuz təşəkkür edirəm.
- "Qarabağ"da keçirdiyiniz beş ildə sizin üçün ən yaddaqalan və ən çətin anlar hansılar oldu?
- "Qarabağ"da böyük bir yol keçmişəm. Böyük futbolda debütüm məhz burada reallaşdı, avrokubok oyunlarının ab-havasını hiss etdim. Yəqin ki, ən çətin dövr zədəli olduğum vaxtlar idi. Lakin həmin mərhələ məni psixoloji cəhətdən çox bərkitdi.
- Azərbaycandan və ya xaricdən başqa təklifləriniz var idi? Sonda niyə məhz "Sabah"ı seçdiniz?
- Bəli, digər təkliflər də var idi. Lakin "Sabah"ın layihəsi məni çox cəlb etdi. Buna görə də seçimimi bu klubdan yana etdim.
- "Qarabağ"dan olduğunuz dönəmlərdə ünvanınıza tənqidlər səsləndi. Sizcə, özünüzü yaxşı tərəfdən göstərməyə nə mane oldu?
- Düzünü desəm, ünvanıma deyilən tənqidlər barədə heç nə eşitməmişəm. Hansısa amilin mənə mane olduğunu deyə bilmərəm. Əminəm ki, ən yaxşı günlərim hələ qarşıdadır.

- Şahrudin Məhəmmədəliyev daha təcrübəli qapıçı kimi sizə həmişə dəstək olub. "Qarabağ"dan ayrılmazdan əvvəl sizə nə məsləhət gördü?
- Ondan çox şey öyrənmişəm. Futbol baxımından Şahrudin mənə çox kömək edir. Daim əlaqə saxlayır, səhvlərimi göstərir, daha çox nəyin üzərində işləməli olduğumu tapşırır. Keçmiş oyunları həmişə birlikdə müzakirə və analiz etməyə çalışırıq. Klubdan ayrılarkən mənə dayanmamağı və üzərimdə işləməyi məsləhət gördü.
- Ümumiyyətlə, komanda yoldaşlarınızdan kiminlə daha yaxın idiniz?
- Kimisə xüsusi fərqləndirmək istəməzdim, çünki hamı ilə çox yaxşı münasibətim var.
- "Qarabağ"ın heyətində keçirdiyiniz hansı oyunlar sizin üçün ən yaddaqalan oldu?
- Ən yaddaqalan matçlar, şübhəsiz ki, "Braqa", "Bayer Leverkuzen", "Qalatasaray" və "Ayntraxt"a qarşı olan oyunlardır. Məhz həmin görüşlərdə yəqin ki, karyeramın ən güclü emosiyaları yaşamışdım.
-"Sabah"ın yay təlim-məşq toplanışında iştirak etmisiniz. Yeni komandaya tam uyğunlaşa bildinizmi? Azarkeşlər yaxın vaxtlarda sizi əsas heyətdə görə bilərlər?
- Komanda məni çox gözəl qarşıladı. Uşaqların bəzilərini daha əvvəl də tanıyırdım. Ona görə də kollektivə uyğunlaşmaq çox rahat oldu. Ümid edirəm ki, tezliklə yeni klubumda debüt edə biləcəyəm.

- "Sabah" Çempionlar Liqasındakı çıxışına TNS üzərindəki qələbə ilə başladı. Sizcə, komanda artıq növbəti mərhələ haqqında düşünə bilər, yoxsa cavab qarşılaşmasında onu hələ ciddi çətinliklər gözləyir?
- Yaxşı oyun alındı, stadionda əla atmosfer var idi. Oyuna nəzarət edirdik və bunun nəticəsində də qalib gəldik. Lakin hazırda heç bir halda növbəti mərhələ barədə düşünmək olmaz. Hələ heç nə həll olunmayıb. Rəqib çox ciddi köklənib, üstəlik cavab oyununu öz meydanlarında keçirəcəklər. Ona görə də arxayınlaşmaq olmaz, maksimumum diqqətli olmaq lazımdır.
- Azərbaycanın əsas millisində oynamaq hər bir futbolçunun arzusudur. Yaxın gələcəkdə özünüzü milli komandada görürsünüzmü? Amin Ramazanovun ən böyük hədəfi nədir?
- Hər bir futbolçu kimi mən də milli komandada oynamaq istəyirəm. Yığmaya dəvət almaq üçün əlimdən gələni edəcək və maksimum gücümlə çalışacağam. Hazırkı mərhələdə əsas hədəfim - öz üzərimdə daim işləmək və heç vaxt əldə olunanlarla kifayətlənməməkdir.
