BAKI, 3 iyul. TELEQRAF
Kabo-Verde millisinin dünya çempionatının 1/16 finalında Argentina ilə keçirəcəyi oyun ərəfəsində maraqlı statistika açıqlanıb.
Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, Kabo-Verde millisinin ümumi bazar dəyəri 54,5 milyon avro olduğu halda, Argentina millisinin kapitanı Lionel Messinin illik maaşı 70 milyon avro təşkil edir.
Argentinalı ulduz reklam müqavilələrindən isə ildə təxminən 40 milyon avro gəlir əldə edir. Belə ki, təkcə Messinin illik qazancı Kabo-Verde millisinin bütün heyətinin ümumi bazar dəyərini üstələyir.
Bundan başqa, Kabo-Verdenin əhalisi 491 min nəfər, Messinin isə müxtəlif sosial media platformalarında 620 milyon izləyicisi var. Onun təkcə Instagram hesabını 500 milyon nəfər izlədiyi halda, Kabo-Verde millisinin rəsmi hesabının cəmi 60 min izləyicisi mövcuddur.
Messinin sərvətinin 1 milyard avrodan çox olduğu təxmin edilir. Bu isə Kabo-Verdenin ümumi daxili məhsulundan (ÜDM) cəmi beş dəfə azdır.
Statistikaya görə, Messi Argentina millisində 202 oyun keçirib. Kabo-Verde millisi isə 1978-ci ildən bəri tarixində ümumilikdə 244 matça çıxıb.
Həmçinin Messi 6 dünya çempionatında iştirak edib və bunlardan birində çempion olub. Kabo-Verde isə Afrika Millətlər Kubokunun final mərhələsinə tarixində cəmi 4 dəfə vəsiqə qazanıb.