BAKI, 18 may. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi ABŞ-ın “Kolambus Kryu” klubu baş məşqçi Henrik Ridströmlə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Təəssüf ki, imkanlardan lazımi dərəcədə yararlana bilmədik və klubumuzun, həmçinin azarkeşlərimizin layiq olduğu nəticələri qazana bilmədik. Çempionluqlar uğrunda davamlı mübarizə aparmaq üçün heyətimizdə kifayət qədər istedadlı oyunçuların olduğuna əminik. Hesab edirik ki, bu dəyişiklik, cari mövsümdə qalan matçların sayını nəzərə alaraq, bizi həmin məqsədə çatdıracaq ən doğru addımdır”, - deyə baş menecer İssa Tall açıqlama verib.
50 yaşlı mütəxəssisin əvəzinə Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Henrik Ridström bu vəzifəyə 2026-cı il yanvarın 1-də təyin olunmuşdu.