TOVUZ, 27 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunda “Turan Tovuz” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 22-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rəhim Sadıxov vurub. Görüşün 63-cü dəqiqəsində isə “qartallar”ın oyunçusu David Volkov fərqlənərək hesabı bərabərləşdirib.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 56 xalla turnir cədvəlinin 3-cü, Rəşad Sadıqovun kollektivi isə 46 xalla 4-cü pillədə yer alıb.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.