BAKI, 27 aprel. TELEQRAF

İtaliyanın "Yuventus" klubunun hücumçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.

Teleqraf “Fichajes” nəşrinə istinadla xəbər verir ki, "Barselona" serb forvardın transferində maraqlıdır.

Klub rəhbərliyi Vlahoviçin “Yuventus”la müqaviləsini yeniləməyəcəyi halda onu yay transfer pəncərəsində azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, serbiyalı hücumçu 2022-ci ildə "Fiorentina" klubundan 85 milyon avro qarşılığında “Yuventus”a transfer olunub. Onun Turin təmsilçisi ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Duşan Vlahoviç cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyuna çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.