BAKI, 21 aprel. TELEQRAF
"Bavariya" "Ştutqart" üzərində 4:2 hesablı qələbə qazanaraq Almaniya Bundesliqasının çempionluğunu vaxtından əvvəl təmin edib.
Teleqraf turnirin rəsmi saytına istinadla xəbər verir ki, bu uğur komandanın qapıçısı Manuel Noyer üçün xüsusi əhəmiyyət daşıyıb.
Təcrübəli qolkiper çempionluqların sayına görə keçmiş komanda yoldaşı Tomas Müllerin rekorduna - 13 liqa tituluna çatıb.
Noyer 2011-ci ilin iyulunda “Bavariya”ya transfer olunub. Onun debüt mövsümü titulsuz başa çatsa da, daha sonra Münhen klubu ilə ardıcıl 11 Bundesliqa çempionluğu qazanıb.
2024-cü ildə isə "Bayer Leverkuzen", baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında “Bavariya”nı geridə qoyaraq çempion olmuşdu. Ardınca Münhen təmsilçisi növbəti iki mövsümdə yenidən titulun sahibi olmağı bacarıb.
Qeyd edək ki, Noyerin “Bavariya” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.