BAKI, 7 aprel. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldunun 2023-cü il Ərəb Klublar Çempionlar Kubokunda vurduğu 6 qolu FIFA-nın siyahıdan çıxarması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Teleqraf IFFHS-ya istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun həmin turnirdə vurduğu 6 qol da daxil olmaqla bütün qolları etibarlıdır və rəsmi hesab olunur.

Opta və FotMob kimi digər nüfuzlu statistik təşkilatlar da məlumatları təsdiqləyərək, qolların çıxarılmadığını bildiriblər. Beləliklə, Ronaldu karyerasında vurduğu 967 qolu qoruyur və 1000 qol həddinə çatmaq yolunda hələ də şansı var.

Xatırladaq ki, əvvəllər FIFA-nın Ərəb Klublar Çempionlar Kubokunu rəsmi turnir kimi tanımadığı və bu yarışı daha çox mövsümöncəsi hazırlıq xarakterli hesab edərək Ronaldunun 6 qolunu siyahıdan çıxardığına dair məlumatlar yayılmışdı. Bu qərar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, 41 yaşlı hücumçu “Əl-Nəsr”lə indiyədək yalnız qeyri-rəsmi Ərəb Klublar Çempionlar Kubokunu qazanıb.