BAKI, 6 aprel. TELEQRAF
“Sanki hakimlər bilmirlər nə qərar versinlər. Allah köməkləri olsun”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının XXVI turunda “Karvan-Yevlax”ı 7:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra mətbuat konfransında danışıb:
“Ümumiyyətlə, hakimliklə bağlı fikir bildirmək düzgün deyil. Bilmirəm, tələb o qədər çoxdur, yoxsa dünya futbolunda yeni qərarlar verilir. Çünki bənzər epizodlarda fərqli qanunlar çıxır. Sanki hakimlər tərəddüd içərisindədirlər. Məndə də olur ki, bəzən təcrübəsiz futbolçudan çox şey tələb edirəm. Təcrübəsizlik ona qərar verməkdə mane olur. Ya hakimlərdən tələb çoxdur, ya da qərarlarda çox dəyişiklik var. Ümumilikdə bir qayda olmalıdır. Futbolun dili bir olduğu kimi, hakimliyin də dili birdir. Ola bilər ki, hakimlik formalaşmalıdır. Bizim də hakimlik məktəbimiz, qanunlarımız olmalıdır. Nə desək də, qanun birdir. Görünən odur ki, sanki panikdə, yəni tərəddüddədirlər. Bəzən hansısa oyunlarda narazı qalırıq. Ən çox təzyiq onların üzərindədir. Allah işlərini asanlaşdırsın”.