BAKI, 30 mart. TELEQRAF

İran Futbol Federasiyası ölkədə baş verən hərbi münaqişə nəticəsində idman infrastrukturuna ciddi ziyan dəyməsi barədə FIFA-ya rəsmi məktub ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

İran tərəfi məktubda "qanunsuz hərbi hücumlar" nəticəsində stadionların və digər idman obyektlərinin dağıdıldığını bildirib. Hazırkı geosiyasi vəziyyət fonunda İran millisinin 2026-cı il dünya çempionatında iştirakdan imtina edə biləcəyi barədə müzakirələr də intensivləşib. İranın idman naziri Əhməd Dünyamali artıq bir neçə dəfə bəyan edib ki, ölkənin rəhbər şəxslərinin hədəf alınması və davam edən hücumlar şəraitində millinin turnirdə iştirakı qeyri-mümkündür.

ABŞ Prezidenti Donald Tramp İran yığmasının ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə iştirakını "təhlükəsizlik baxımından qeyri-münasib" adlandırıb. O, komandanın gəlişinin həm oyunçuların, həm də turnirin ümumi təhlükəsizliyi üçün risk yarada biləcəyini qeyd edib.

FIFA isə hələlik rəsmi qərar verməyib və vəziyyəti yaxından izlədiyini bildirib. Əgər İran rəsmən geri çəkilərsə, onların yerini Asiya zonasından digər bir komandanın tutacağı gözlənilir.

Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb və bütün oyunlarını ABŞ-də keçirməlidir.