SUMQAYIT, 27 mart. TELEQRAF
“Hava şəraitinə baxmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Sumqayıtda Sent-Lüsiya seçməsinə 6:1 hesabı ilə qalib gəldikləri “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni belə şərh edib:
“Belə havada hər iki komandanın futbolçuları üçün oynamaq çətin idi. Özümüzə inamın bərpası üçün bu qələbəyə ehtiyacımız var idi. Bundan əvvəlki matçlarımız çox ciddi rəqiblərə qarşı olmuşdu. Bu gün futbolçularım meydanda qalib gəlmək əzmi nümayiş etdirdilər. Çalışırdıq ki, bu oyunda bütün futbolçulara şans verək.
Növbəti oyunumuza qədər vaxtımız az olsa da, maksimum hazırlaşaraq yenə qələbə qazanmaq istəyirik”.