BAKI, 27 mart. TELEQRAF

Kolumbiya milli komandasının yoxlama görüşündə Xorvatiyaya 1:2 hesablı məğlubiyyəti yerli azarkeşlər arasında narazılığa səbəb olub.

Teleqraf xəbər verir ki, xüsusilə hücum xəttindəki kəsərsizlik və heyət seçimi baş məşqçi Nestor Lorentsonun ünvanına tənqidləri artırıb.

Matçda "Sportinq"in hücumçusu Luis Suaresin əlverişli vəziyyətdə boş qapıya qol vura bilməməsi azarkeşlərin “səbr kasası”nı daşırıb. Kolumbiyalı futbolsevərlər Çempionlar Liqasında 5 qol vuran Kamilo Duranın komandaya dəvət olunmamasını kəskin pisləyiblər. Onların fikrincə, yüksək formada olan bir forvardın kənarda qalması milli komandanın hücum potensialına mənfi təsir göstərir.

Qeyd edək ki, daha öncə "Qarabağ" klubunun sosial şəbəkə hesablarında Duranın milliyə dəvət aldığına dair məlumat paylaşılıb. Açıqlanan geniş heyətdə yer alan futbolçu sonradan milliyə dəvət almayıb.