BAKI, 23 mart. TELEQRAF

Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payet peşəkar futbolçu karyerasını yekunlaşdırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, martın 29-da 39 yaşı tamam olacaq oyunçu bu barədə Liqa 1-in canlı yayımı zamanı məlumat verib.

Onun karyerasında sonuncu klub 2025-ci ilin yayında ayrıldığı Braziliyanın "Vasko da Qama" təmsilçisi olub.

Payet karyerasının böyük hissəsini "Marsel"də keçirib. O, bu klubun heyətində meydana çıxdığı 326 matçda 78 qol və 96 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi müxtəlif illərdə "Sent-Etyen", "Lill", "Vest Hem" və "Nant" klublarının da formasını geyinib.

Qeyd edək ki, Dimitri Payet Fransa yığmasının heyətində keçirdiyi 38 oyunda 8 dəfə fərqlənib. O, AVRO-2016-nın gümüş mükafatçısıdır.