BAKI, 19 mart. TELEQRAF
Polşalı jurnalist Kşiştof Stanovski dünya şöhrətli futbolçu Robert Levandovskinin ölkədəki biznes fəaliyyəti ilə bağlı qalmaqallı iddialar irəli sürüb.
Teleqraf xəbər verir ki, polşalı hücumçu 2017-ci ildə Qijitsko şəhərində, Neqotsin gölü sahilində restoran inşası üçün dövlət büdcəsindən 40 milyon zlotı (təxminən 18 milyon manat) məbləğində dotasiya alıb.
Stanovski qeyd edib ki, dünyanın ən çox qazanan idmançılarından biri olan Levandovskinin iştirak etdiyi layihəyə belə böyük məbləğdə dövlət yardımının edilməsi qəbulolunmazdır. Üstəlik, "Puls Biznesu" nəşrinin məlumatına görə, futbolçunun tərəfdaşlarından biri dəfələrlə dələduzluq, zorakılıq və partlayıcı maddə saxlama maddələri ilə məhkum olunmuş şəxsdir.
Məlumata görə, qalmaqaldan qorxan Levandovski layihədən tələsik geri çəkilib, nəticədə ayrılan vəsait batıb və Mazuri bölgəsinin ən gözəl yerlərindən birində yarımçıq qalmış beton konstruksiya xarabaya çevrilib. Jurnalist bu vəziyyəti Qijitsko sakinlərindən "oğurlanmış çimərlik" və təbiətin korlanması kimi qiymətləndirib.
Qeyd edək ki, Robert Levandovski hazırda İspaniyanın "Barselona" klubunun futbolçusudur.