BAKI, 19 mart. TELEQRAF
ABŞ-nin “İnter Mayami”klubunun ulduz futbolçusu Lionel Messi karyerasında 900-cü qola çataraq tarixə düşüb.
Teleqraf xəbər verir ki, ulduz futbolçu CONCACAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “Geodis Park”da “Neşvill”ə qarşı matçın 7-ci dəqiqəsində qol vuraraq buna nail olub.
Bu, Messinin “İnter Mayami”də 81-ci, peşəkar karyerasında isə 900-cü qolu olub. Bununla da argentinalı ulduz futbol tarixində bu göstəriciyə çatan ikinci oyunçu olub. İlk olaraq bu göstəriciyə 2024-cü ilin sentyabrında 900 qolu keçən Kriştiano Ronaldu (965 qol) nail olmuşdu.
Xatırladaq ki, Messi ilk qolunu 17 yaş 10 ay 7 günlüyündə İspaniya təmsilçisi “Barselona”nın heyətində vuraraq klub tarixinin ən gənc qol müəllifi olub. 2005-ci ilin mayında Samuel Eto’nu əvəzləyərək meydana çıxan Messi cəmi 3 dəqiqə sonra fərqlənib.
Kataloniya klubunda keçirdiyi 778 oyunda 672 qola imza atan Messi 10 La Liqa, 7 İspaniya Kuboku və 4 Çempionlar Liqası da daxil olmaqla çoxsaylı titullar qazanıb.
Argentinalı ulduz “Barselona”da 672, PSJ-də 32, “İnter Mayami”də 81, Argentina millisində isə 115 qol vurub. Klub və milli fərqi qoymadan davam edən bu məhsuldarlıq onu 900 qol həddinə çatdırıb.