BAKI, 17 mart. TELEQRAF

İran futbol federasiyası 2026-cı il Dünya Çempionatında milli komandasının oyunlarını ABŞ-dan Meksikaya keçirmək üçün FIFA ilə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə AFP agentliyi İranın Meksikadakı səfirliyinə istinadən məlumat yayıb.

“ABŞ prezidenti Donald Tramp açıq şəkildə dedi ki, İran millisinin təhlükəsizliyini təmin edə bilməz. Biz əlbəttə ki, Amerikaya getməyəcəyik. Hazırda FIFA ilə danışıqlar aparırıq ki, İran millisinin oyunları Meksikada keçirilsin” – deyə, İran futbol federasiyasının rəhbəri Mehdi Tadç X sosial şəbəkəsində səfirliyin hesabında yayımlanan açıqlamasında bildirib.

Qeyd edək ki, Dünya çempionatının final mərhələsi 2026-cı ilin iyun-iyul aylarında ABŞ-ın 11, Meksikanın 3 və Kanadanın 2 şəhərində təşkil olunacaq. İran millisi Asiyada seçmə mərhələdən keçərək G qrupunda Belçika, Misir və Yeni Zelandiya komandaları ilə birlikdə yer alır.