BAKI, 16 mart. TELEQRAF
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatından danışıb.
Teleqraf-ın məlumatına görə, o, futbolçu seçimi az olduğu üçün AFFA-nın kütləvi milliləşdirməyə gedib- getməyəcəyinə suala cavab verib:
“Birmənalı olaraq deyə bilərəm ki, kütləvi şəkildə olmayacaq. Bəlkə Azərbaycanla bağlılığı olan futbolçu milliyə cəlb olundu. İstənilən halda yığmamıza cəlb olunacaq futbolçuda millimizdə oynamaq istəyi yüksək olmalıdır. Amma heyətin əksəriyyətinin milliləşdirilmiş olmasını istisna edirəm”.
Sərxan Hacıyev dünya çempionatında hazırlıqdan da söz açıb:
“FIFA ilə sıx əlaqədəyik. Əlavə olaraq dövlət qurumları ilə də sıx əlaqədəyik. Bu dəqiqə hüquqi sənədlər üzərində işlər gedir. Hazırda dəqiq deyə bilərik ki, təşkilatçı şəhərlərdən biri paytaxt Bakı olacaq. Digər şəhərlər barədə hələlik məlumat verə bilmərik. Bir müddət öncə FIFA nümayəndəsi də ölkəmizə səfər etdi və bir neçə şəhərdə oldu. Bir və ya bir neçə şəhərin olacağını bilmirik. Püşkatma, açılış və bağlanış oyunlarının Azərbaycanda və ya Özbəkistanda keçiriləcəyi ilə bağlı da danışıqlar aparırıq”.