BAKI, 16 mart. TELEQRAF
“Rui Jorje futbolçu kimi Portuqaliya millisi ilə 45 rəsmi oyun keçirib. Bundan əlavə olaraq həmin ölkənin U-21 yığmasına uzun illər rəhbərlik edib. Bizim futbolçuların Jorjenin təcrübəsindən yararlanacaqlarına inanıram. Mütəxəssisin iki portuqaliyalı köməkçisi də var və onlar da Bakıda qalacaqlar”.
Teleqraf xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın U-20 milli komandasının yeni baş məşqçisi Rui Jorje təyinatı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Hacıyev əlavə edib ki, onun məşqçilər korpusunda yerli mütəxəssis də yer alacaq, onun kimliyi yaxın günlərdə açıqlanacaq.
Hacıyev mətbuatda Jorjenin maaşının 1 milyon manat olacağına dair yayılan xəbərlərə də münasibət bildirib:
“Bu günə kimi məşqçilərlə bağlı müqavilənin şərtlərini açıqlamırıq”.
Sərxan Hacıyev onu da bildirib ki, 19 fevraldakı iclasda bir neçə namizədlər nəzərdən keçirilib:
"Rui Jorje üzərində dayandıqdan sonra müqavilə və s. məsələləri həll etməyə başladıq və sonda ictimaiyyətə açıqladıq. Təyinatda ən əsas məqam təcrübə oldu. Rui Jorjenin Portuqaliyadakı uzun müddət çalışmağı əsas məqamlardan biri oldu. Onun qarşısına qoyulan əsas məqsəd isə elə bir komanda formalaşdırsın kı, dünya çempionatının qrup mərhələsində uğurlu çıxış edək. Daha sonra isə nəticələrə baxarıq".