BAKI, 13 mart. TELEQRAF

Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Komitəsi "Benfika"nın baş məşqçisi Joze Mourinyonu "Portu" ilə oyundakı (2:2) davranışlarına görə ağır cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis həm cərimələnib, həm də diskvalifikasiya edilib.

Mourinyo matçın baş hakimi Joau Pinyeyrunun hesabatına əsasən, texniki zonanı qəsdən tərk edərək rəqib ehtiyat skamyasına doğru qaçdığı və topu tribunalara vurduğu üçün ümumilikdə 5355 avro məbləğində cəriməyə məruz qalıb.

Bundan əlavə, "Portu"nun məşqçisi Luço Qonsaleslə yaşadığı münaqişəyə görə o, 11 günlük və bir oyunluq yarışlardan kənarlaşdırılıb. Beləliklə, Mourinyo martın 14-də "Arouka"ya qarşı keçiriləcək görüşü buraxmalı olacaq.

"Benfika" klubu rəsmi bəyanat yayaraq bu qərarı "ədalətsiz" adlandırıb. Klub rəhbərliyi Mourinyonun yalnız qolu qeyd etdiyini və heç kimi təhqir etmək niyyətində olmadığını bildirərək, Luço Qonsalesin təxribatlarının nəzərə alınmadığını vurğulayıb. Lissabon təmsilçisi bu qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.