BAKI, 5 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda çərçivəsində keçirilən “Qarabağ” - “Şamaxı” matçında qeyri-adi hadisə yaşanıb.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın 90+3-cü dəqiqəsində tribunadan bir azarkeş meydana daxil olaraq “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubirlə şəkil çəkdirmək istəyib.

Ağdam klubununun hücum epizodu zamanı baş verən hadisə zamanı 35 yaşlı yarımmüdafiəçi təəccübünü gizlətməyib. O, azarkeşin istəyini yerinə yetirməyə çalışsa da, komanda ilə birlikdə hücuma qoşulmalı olub.

Təhlükəsizlik tədbirlərini lazımi səviyyədə təşkil etmədiyinə görə “Qarabağ”ın AFFA tərəfindən cərimələnəcəyi istisna deyil.

Qeyd edək ki, “Qarabağ” “Şamaxı”nı iki oyunun nəticəsinə əsasən 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.