BAKI, 4 mart. TELEQRAF

Tunis Liqasının "Sfaksyen" və "Qabes" komandaları arasında keçirilən qarşılaşmanın başlama saatı kütləvi narazılığa səbəb olub.

Teleqraf xəbər verir ki, Ramazan ayı zamanı, yerli vaxtla günorta saat 13:00-da start götürən matçda bir neçə futbolçu meydanda huşunu itirərək yıxılıb.

Hadisənin baş verdiyi vaxt Tunisdə müşahidə olunan yüksək temperatur və orucluğun yaratdığı fiziki gərginlik oyunçuları çətin vəziyyətə salıb.

Şahidlərin və sosial şəbəkələrdə yayılan görüntülərin təsdiq etdiyi kimi, bir neçə oyunçu kəskin susuzluq və yorğunluq səbəbindən meydanda kollaps keçirib. Tibbi heyət huşunu itirən idmançılara təcili yardım göstərmək üçün dəfələrlə meydana daxil olublar.

Hələlik hər iki klub baş verənlərlə bağlı rəsmi bəyanat yaymasa da, ölkə mətbuatı bu hadisəni "yaşıl meydanlarda dram" kimi qələmə verərək, futbol qurumlarını təcili şəkildə oyun cədvəlinə yenidən baxmağa və matçları axşam saatlarına keçirməyə çağırıb.