BAKI, 18 fevral. TELEQRAF
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Benfika” - “Real Madrid” matçında baş vermiş xoşagəlməz hadisələrlə bağlı intizam araşdırmasına başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytına məlumat yayılıb.
Məlumatda bildirilir ki, fevralın 17-də Lissabonda baş tutan qarşılaşma zamanı intizam reqlamentinin mümkün pozuntusu halları, o cümlədən irqi ayrı-seçkilik xarakterli davranış iddialarının araşdırılması üçün xüsusi müfəttiş təyin edilib.
Madriddəki görüş öncəsi “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda gərginlik qolun müəllifi Vinisius Juniorun rəqib azarkeşlərə qarşı nümayiş etdirdiyi jestlərdən sonra pik həddə çatıb. Braziliyalı hücumçu daha sonra hakimə müraciət edərək irqçi təhqirlərə məruz qaldığını bildirib.
“Benfika”nın futbolçusu Canluka Prestianni tərəfindən səsləndirildiyi iddia edilən irqçi ifadələr səbəbindən oyun on dəqiqə müddətinə dayandırılıb. Matçın son dəqiqələrində isə yerli azarkeşlər tərəfindən meydançaya müxtəlif kənar əşyaların atılması qeydə alınıb.
UEFA araşdırmanın yekunları barədə müvafiq qaydada əlavə məlumatın veriləcəyini diqqətə çatdırıb.