BAKI, 16 fevral. TELEQRAF
İspaniyanın "Barselona" klubunun futbolçusu Jül Kunde yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Teleqraf "Topskills Sports UK"a istinadən xəbər verir ki, fransalı müdafiəçiyə əsas maraq göstərən tərəf əzəli rəqib "Real Madrid"dir.
Kataloniya təmsilçisinin rəhbərliyi hazırda 27 yaşlı müdafiəçini toxunulmaz oyunçu hesab etsə də, klubun maliyyə vəziyyəti qərarı dəyişə bilər. Əgər "Barselona"ya 60-80 milyon avro civarında rəsmi təklif gələrsə, onlar transferə yaşıl işıq yandırmağa hazırdırlar.
"Real Madrid"dən başqa, İngiltərənin "Çelsi" klubu da Kundeni heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, cari mövsümdə Jül Kunde "Barselona" forması ilə bütün turnirlərdə 36 matça çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.