BAKI, 11 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun prezidenti Abdullah Əl-Məcid Kriştianu Ronalduya görə vəzifəsini itirə bilər.
Teleqraf “Əl-Riyadh” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı ulduz futbolçunun şikayətlərindən sonra Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) bu istiqamətdə qərar verməyə hazırlaşır.
Bildirilir ki, Əl-Məcid ilə klubdakı portuqaliyalı məşqçilər arasındakı münasibətlər prezidentin baş direktor Joze Semedu və baş məşqçi Jorje Jezuşu açıq şəkildə tənqid etməsindən sonra tamamilə pozulub. Bu addım Ronaldunun narazılığına səbəb olub və o, məsələ ilə bağlı rəsmi şikayət ünvanlayıb.
Pro Liqanın əsas simvolu olan futbolçunun uzunmüddətli “boykot” riskini nəzərə alan və klubun səhmlərinin 75 faizinə sahib olan PIF nümayəndələri çıxış yolu tapmaq üçün fevralın 8-də birbaşa futbolçu ilə görüşüblər.
41 yaşlı hücumçu həmin görüşdə Əl-Məcidin rəhbərliyi dövründə klubun durğunluğunu sübut edən bir sıra statistik göstəricilər təqdim edib və “əsl liderin” təsirini nümayiş etdirərək tələblərini irəli sürüb. Sahibkarlar vəziyyəti xilas etmək üçün portuqaliyalı superulduzun bütün təkliflərini qəbul ediblər.
PIF tərəfindən əməkhaqqı və mükafatların ödənilməsi, eləcə də idarə heyətinin yenidən formalaşdırılması ilə bağlı öhdəliklər götürüldükdən sonra klubdakı gərgin atmosfer sürətlə səngiyib. Ronaldu isə yüksək əhval-ruhiyyə ilə məşqlərə qayıdıb.
Qeyd edək ki, Ronaldonun fevralın 14-də “Əl-Fəth”lə oyunda meydana qayıtması gözlənilir. Futbolçu 2023-cü ildən “Əl-Nəsr”in formasını geyinir. Onun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.