BAKI, 11 fevral. TELEQRAF
“Qarabağ”a qarşı oynayıb-oynamamağımızın bizim üçün fərqi yoxdur. Hər oyunda ən yaxşı oyunumuzu göstərməli və qalib gəlməliyik”.
Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin fransalı futbolçusu İmad Faraj deyib.
27 yaşlı hücumçu hazırda gündəmdə olan Azərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ”la görüşün təxirə salınma məsələsinə münasibət bildirib: “Bu məsələdə bizim edə biləcəyimiz heç nə yoxdur. Yəni, vəziyyətlə razılaşmalıyıq. Bu qərarları rəhbərlik verir. Biz sadəcə meydana çıxır və oyunumuzu oynayırıq".
Faraj XIX turda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri matçla bağlı da fikirlərini bölüşüb: “Bilirdik ki, "Qəbələ" əks-hücumlarda yaxşı çıxış edir. Oyunda üstünlük bizdə idi. Rəqib də bir-iki təhlükəli hücumlar yaratdı. Təəssüf ki, ikinci hissədə oyuna istədiyimiz kimi başlaya bilmədik. Çünki daha çox müdafiəyə çəkildik. Düşünürəm ki, həddindən artıq müdafiə olunduq. Amma ən vacib məqam bu gün qazandığımız üç xaldır. Artıq ardıcıl ikinci oyundur qalib gəlirik. Bu, yaxşıdır və bizə daha çox inam verir. Fikrimcə, indi ritmimiz daha yaxşıdır. Baş məşqçi məşqlərdə çox qaçmağı, ağır və intensiv hazırlığı sevir".