BAKI, 9 fevral. TELEQRAF
“Qalatasaray” qış transfer dövrünün başa çatmasından sonra Türkiyə Superliqası və ümumilikdə ölkə futbolu tarixində analoqu olmayan bir rekorda imza atıb.
Teleqraf “Tranmsfermark”a istinadən xəbər verir ki, “sarı-qırmızılar” həyata keçirdiyi transferlərdən sonra heyətinin dəyərini 337 milyon avroya yüksəldərək Türkiyə futbol tarixinin ən bahalı komandası olub.
“Qalatasaray” qış transfer dövründə Noa Lanq (25 milyon avro bazar dəyəri), Yaser Asprilla (12 milyon avro), Saşa Boey (15 milyon avro) və Renato Nhaqa (1 milyon avro) kimi futbolçuları heyətinə qatıb. Bu transferlərdən sonra komandanın ümumi heyət dəyəri rekord səviyyəyə çatıb və Superliqa tarixində ilk dəfə 330 milyon avro həddi keçilib.
Bu göstərici liqa tarixində indiyədək qeydə alınmış bütün rekordları geridə qoyub. “Cim-bomlar” 2025/26 mövsümünün əvvəlində 300 milyon avro göstəricisinə çataraq zirvəyə yüksəlmişdi. Əvvəlki mövsümlərdə klubun ən yüksək heyət dəyəri 288 milyon avro olmuşdu.
“Fənərbağça” hazırda 269 milyon avroluq heyət dəyəri ilə siyahıda 3-cü pillədə qərarlaşıb və “Qalatasaray”ın ötən mövsümkü göstəricisindən də geri qalır. “Beşiktaş” isə 179 milyon avro ilə 9-cu sırada yer alıb. Keçmiş mövsümlərə nəzər saldıqda, Superliqada daha əvvəl 300 milyon avro səviyyəsinə yaxınlaşan başqa bir komanda olmayıb.