BAKI, 6 fevral. TELEQRAF
Səudiyyə Ərəbistanı çempionatının XXI turu çərçivəsində keçiriləcək "Əl-Nəsr" - "Əl-İttihad" matçı öncəsi Kriştianu Ronaldu ilə bağlı gərginlik pik həddə çatıb.
Teleqraf "Ar-Riyadiyah" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyinin portuqaliyalı hücumçunun bu axşamkı matçda iştirak etməyə razı salmaq cəhdləri uğursuzluqla nəticələnib.
41 yaşlı oyunçunun narazılığına səbəb klub rəhbərliyinin qış transfer pəncərəsində yeni futbolçular almamasıdır. Bundan əlavə, Ronaldunun yaxın komandasında yer alan baş direktor Jose Semedu və idman direktoru Simau Koutinyonun səlahiyyətlərinin dayandırılması onun etirazını daha da kəskinləşdirib.
"Əl-Nəsr"in baş məşqçisi Jorje Jesuş da həmyerlisinə dəstək nümayiş etdirərək klub rəhbərliyinə etiraz edir. Mütəxəssis artıq bir neçə mətbuat konfransını boykot edib və "Əl-İttihad"la oyundan sonrakı toplantıya da qatılmamağı planlaşdırır.
Qeyd edək ki, Kriştianu Ronaldu "Ər-Riyad"a qarşı keçirilmiş son tur oyununda da iştirak etməyib.