BAKI, 27 yanvar. TELEQRAF
Tanınmış futbolçu Miralem Pyaniç futbolçu karyerasını başa vurub.
Teleqraf xəbər verir ki, bu barədə 35 yaşlı bosniyalı futbolçu şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
“Bütün ömrüm boyu öz melodiyamı ifa etdim. Hər toxunuş, hər ötürmə, hər zərbə: bir not idi. Futbol mənim musiqim, meydança isə pianom idi. Arzum həmişə o olub ki, siz bu oyunun gözəlliyini eşidəsiniz. Bu gün minnətdarlıqla dolu bir qəlblə deyə bilərəm ki, bu simfoniya mənim həyatım idi. Onu hamınızla bölüşmək mənim üçün böyük şərəf idi. İlk dayağım və səssiz gücüm olan ailəmə xüsusi təşəkkür edirəm. Arzuları, fədakarlıqları və qələbələri bölüşdüyüm məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Texniki heyətə, həkimlərə və pərdəarxasında çalışan hər kəsə, həmçinin bu oyunun ruhu olan azarkeşlərə təşəkkür edirəm. Bu musiqinin bir parçası olduğunuz üçün hamınıza sağ olun", – deyə Pyaniç qeyd edib.
Qeyd edirik ki, Miralem Pyaniç karyerası boyu “Yuventus", “Lyon”, “Roma”, “Beşiktaş”, “Barselona” kimi məşhur klublarda çıxış edib.