BAKI, 19 yanvar. TELEQRAF
Fransa millisinin sabiq futbolçusu Dimitri Payenin ətrafında növbəti qalmaqal yaşanır.
Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin keçmiş sevgilisi, vəkil və bloger Larissa Ferrari Braziliyada yaşadıqları müddətdə Paye tərəfindən fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qaldığını iddia edib.
Qadının sözlərinə görə, 2024-cü ilin aprelində polisə müraciət edərək idmançının ona xəsarət yetirdiyini və müxtəlif zorakılıq formalarına əl atdığını bildirib.
Ferrari həmçinin qeyd edib ki, fransalı futbolçu onu alçaldıcı hərəkətlərə məcbur edib və psixoloji manipulyasiyalar vasitəsilə nəzarətdə saxlayıb. Şikayətçi, eyni zamanda, Payedən hamilə qaldığını, lakin sonradan uşağını itirdiyini vurğulayıb.
Dimitri Paye ona qarşı irəli sürülən bütün ittihamları qəti şəkildə təkzib edib. Hazırda klubsuz olan ulduz oyunçunun Braziliyanın “Vasko da Qama” klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatıb.