BAKI, 12 yanvar. TELEQRAF
Bəzən futbol sevgisi insana atasından miras qalır. Azərbaycan futbol tarixində elə ailələr var ki, orada futbol nəsildən-nəsilə keçən bir peşəyə çevrilib. Atasından estafeti təhvil alıb eyni azarkeş sevgisini qazanmağa çalışan oğulların hekayəsi hər zaman diqqət mərkəzindədir.
Teleqraf Azərbaycan futbolunun ata-oğul nümunələrini təqdim edir:
Qurbanovlar
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı atası Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ"da çıxış edir. Karyerasının əvvəlindən atasının rəhbərliyi altında çıxış etməyə başlayan futbolçu 2023-cü ildə legioner həyatı yaşamağa qərar alır. O, bir il İsveçin “Yurqorden” komandasında çıxış etdikdən sonra yenidən Azərbaycana - "Qarabağ"a qayıdıb. Maraqlıdır ki, o, ilk dönəmində Qurban Qurbanovdan daha çox şans qazanırdı. Musa Qurbanlı eyni zamanda veteran futbolçu Musa Qurbanovun qardaşı oğludur.

Diniyevlər
Azərbaycan yığmasının sabiq baş məşqçisi və futbolçusu Şahin Diniyevin oğulları - Coşqun və Kərim də peşəkar futbolçulardır.
Hazırda məşqçilik edən Kərimin futbolçu karyerası elə də uğurlu alınmasa da, Coşqun barədə bunun əksini deyə bilərik. Milli komandanın üzvü müxtəlif illərdə iddialı olan "Qarabağ", "Zirə" və "Sabah"da çıxış edib. Türkiyədə legioner həyatı yaşayan Coşqun "Umraniyespor", "Bandırmaspor" və "Çorum"da da oynayıb. O, hazırda "Araz-Naxçıvan"ın şərəfini qoruyur.

Sadıqovlar
Azərbaycan millisinin sabiq qapıçısı Nizami Sadıqov azarkeşlərin yaddaşında vurduğu qollarla yadda qalıb. O, qolkiper olmasına baxmayaraq, 21 dəfə adını tabloya yazdırmağı bacarıb. Veteran qapıçı bu qolların 8-ni qapıçı olaraq, 13-ü isə digər mövqelərdə çıxış edərək vurub.
Nizami Sadıqovun oğlu İlkin Sadıqov erkən yaşlarında gələcək vəd edən hücumçu idi. O, "Keşlə", “Kəpəz” və “Turan Tovuz” klublarının şərəfini qoruyub. Lakin, İlkin 2019-cu ildə 23 yaşında olarkən danışılmış oyunlarda iştirak etdiyi üçün futboldan uzaqlaşdırılıb.
.png)
Əliyevlər
183 qolla Azərbaycan çempionatlarının ən yaxşı bombardiri Nazim Əliyevin oğlu Elgiz Kərəmli də futbolçu olub. Atasından fərqli olaraq, Elgizin karyerası uğurlu hesab olunmur. O, daha çox aşağı divizion komandalarının üzvü olub, bir dönəm isə "Qarabağ" və "Kəpəz"də oynamaq şansı qazanıb. Elgiz millinin aşağı yaş qrupu üzrə komandalarında da top qovub. Kərəmli hazırda "Şəfa" klubunun baş məşqçisidir.
.png)
Ponomaryovlar
SSRİ yığmasının heyətində 1988-ci ildə olimpiya çempionu olan İqor Ponomaryovun oğlu Anatoli də futbolçu olub. Atası kimi futbolu seçən oğul Ponomaryov Azərbaycan klublarından yalnız “İnter” və “Bakı”da çıxış edib. O, Rusiya, İsveç, İspaniya, Yunanıstan, İsveçrə və Türkiyədə legioner həyatı da yaşayıb.
.png)
Kramarenkolar
“Neftçi” klubunun əfsanəvi qapıçısı Sergey Kramarenko SSRİ çempionatlarında ən çox oyun keçirən azərbaycanlı futbolçudur - 313 matç. Onun oğlu Dmitri Kramarenko da atasından geri qalmır. Oğul Kramarenko müasir Azərbaycan tarixinin ən güclü qapıçılarından hesab olunur. O, 33 dəfə yığmanın oyununda qapıda dayanıb.
Dmitrinin qızı Lalə isə məşhur gimnastdır.

Kvaratsxeliyalar
Millimizin sabiq üzvü Badri Kvaratsxeliyanın oğlu Xviçanı da qeyd etməmək olmur. Futbolumuzla bağlılığı olmayan oğul Kvaratsxeliya hazırda Fransanın PSJ klubunun şərəfini qoruyur. İtaliya və Fransa çempionu olan Gürcüstan yığmasının futbolçusu ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi də olub.
Badri Kvaratsxeliya Azərbaycan seçməsinin heyətində 3 oyunda iştirak edib.
