BAKI, 16 noyabr. TELEQRAF
“Çoxdandır millinin oyunlarında belə atmosfer olmurdu. Azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Bakıda Fransaya yığmasına 1:3 hesabı ilə məğlub olduqları DÇ-2026-nın seçmə mərhələ oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
“Komandamızın daha istəkli oynamalarını istəyirdik. Qol vura bildik, Fransaya qarşı bunu etmək çətindir. Şahrudinin zədəsi də bir az təsir etdi. Son oyunlarda göstərdikləri əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Məncə, komandada irəliləyiş var. Nəzərə alaq ki, əsas heyətin 4-5 futbolçusu bizimlə deyildi”, - deyə 44 yaşlı mütəxəssis bildirib.
Abbasov rəqiblərin çətin olduğunu vurğulayıb: “Fransanın bizimlə oynayacağı rezonans doğurmuşdu. Bəzən deyirdilər ki, bu rəqibə qarşı oynamasaq daha yaxşı olar. Belə oyunlar futbolçulara əlavə motivasiya verir. Son 4 oyunda komandamızda taktiki irəliləyiş var”.
O, Azərbaycan millisinin hədəflərini açıqlayıb: “Hədəfimiz Millətlər Liqasında D Liqasından yüksəlməkdir. Problemlərimiz çoxdur. İlk öncə futbolçularımızın formada olmasını istəyirik. Hazırda futbolçu seçimimizin çətindir. Oyunçular öz klublarında oynasalar milliyə çağırılacaqlar. Futbolumuzun inkişafı üçün bu gün bəzi klubların da üzərinə iş düşür. Hər şey federasiyanın üzərində deyil”.