BAKI, 15 noyabr. TELEQRAF

“İnanırıq ki, evdə son oyunda yaxşı nəticə qazana bilərik”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda Fransa ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Futbolçu matça hazır olduqlarını bildirib: “Bildiyiniz kimi, sonuncu ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir. Amma oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərəcəyik. Nəticə qazana biləcəyimizə də inanırıq”.

Bədəlov Kilian Mbappenin sabahkı oyunda olmayacağına belə reaksiya bildirib: “İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsun. Mbappe gəlməsə də, Fransa millisinin ulduzları çoxdur. Komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz daha çətin olacaq. Çünki onlar komanda olaraq daha ciddi olacaqlar. Biz sırf ona köklənmirik, Fransanı fikirləşirik. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik”.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.