BAKI, 11 oktyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Braziliya millisinin və İspaniyanın “Real Madrid” komandasının futbolçusu Vinisius Juniorun transferi ilə bağlı danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Madrid təmsilçisinə müqaviləsi 2027-ci ilin yayına qədər olan hücumçunun keçidi üçün 300 milyon funt sterlinq (təxminən 345 milyon avro) təklif etməyə hazırdır. Əgər tərəflər müqavilənin uzadılmaması barədə qərar versələr, bu transfer həyata keçirilə bilər.

Vinisiusun mümkün keçidi futbol tarixinin ən bahalı transferi ola bilər. Hazırda rekord Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidinə məxsusdur.

25 yaşlı Vinisius 2018-ci ildən “Real”da çıxış edir. O, “kral klubu”nun heyətində 332 oyun keçirib, 111 qol vurub və 87 məhsuldar ötürmə edib. Vinisius “Real”la üç dəfə İspaniya La Liqasını və Superkubokunu, bir dəfə ölkə kubokunu, eləcə də iki dəfə UEFA Çempionlar Liqasını, iki dəfə FIFA Klublararası Dünya Çempionatını və iki dəfə UEFA Superkubokunu qazanıb.