BAKI, 6 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turunda “Karvan-Yevlax”la oyunda zədələnən “Sabah”ın almaniyalı futbolçusu Coy-Lens Mikelsin son durumu məlum olub.

Masazır klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Teleqraf-a verdiyi məlumata görə, MRT müayinəsinin nəticəsində Mikelsin qabırğasının əzildiyi müəyyənləşib.

“Müayinələrin nəticələrinə əsasən, futbolçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma aşkarlanmayıb. Mikelsin bərpa müddəti yaxın günlərdə bəlli olacaq”, - deyə klub rəsmisi bildirib.

Elnur Həmidov əlavə edib ki, futbolçu hazırda ev şəraitində müalicəsini davam etdirir: “Mikels evdədir, əməliyyata ehtiyac olub-olmaması bərpa prosesindən asılı olacaq”.

***

11:04

Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Karvan-Yevlax” – “Sabah” oyununda zədələnərək birbaşa xəstəxanaya aparılan qonaq komandanın futbolçusu Coy-Lens Mikelsin son durumu açıqlanıb.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Teleqraf-a verdiyi məlumata görə, 31 yaşlı almaniyalı hücumçunun dəqiq diaqnozu bu gün müəyyənləşəcək.

“Mikels hazırda özünü yaxşı hiss edir. Dəqiq diaqnoz bu gün MRT müayinəsindən sonra qoyulacaq. Gün ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək” – klub rəsmisi bildirib.

Qeyd edək ki, Mikels matçın 90+11-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Kamran İbrahimovla toqquşaraq yerə yıxılıb. Onun beli qırıldığı iddia olunur.

O, təcili tibbi yardım maşını ilə birbaşa xəstəxanaya çatdırılıb. Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.